“Horadiz əməliyyatı Ulu Öndər Heydər Əliyevin Azərbaycan hərb tarixinə böyük töhfələrindəndir” adlı dəyirmi masa keçirildi!
Füzuli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Horadiz əməliyyatının 32–ci ildönümünə həsr edilmiş “Horadiz əməliyyatı Ulu Öndər Heydər Əliyevin Azərbaycan hərb tarixinə böyük töhfələrindəndir” adlı dəyirmi masa keçirildi.
Tədbirdə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, şəhid ailələri, qazilər, veteranlar və Aparatın əməkdaşları iştirak etdilər.
Tədbir başlamazdan əvvəl Ulu Öndər Heydər Əliyevin və bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan uğurlu ordu quruculuğu siyasətindən, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin 1994-cü il yanvarın 5-dən 6-na keçən gecə həyata keçirdiyi uğurlu “Horadiz əməliyyatı”nın hərbi əhəmiyyətindən, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılmış böyük Zəfərdən söz açdı. Alı Alıyev Horadiz əməliyyatı ilə Füzuli rayonunun 20 Arazboyu kəndi, Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin işğaldan azad edilməsinin Azərbaycanın hərb tarixində qürurverici qələbə olduğunu diqqətə çatdırdı. Çıxışında Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan ordusunun qazandığı böyük Zəfərin mənbəyində məhz Ulu Öndər Heydər Əliyev siyasəti dayandığını bir daha vurğulayan Alı Alıyev, Allahdan şəhidlərə rəhmət, qazilərə şəfa dilədi.
Daha sonra Qarabağ müharibəsi Veteranları, Əlilləri və Şəhid ailələri İctimai Birliyinin Füzuli rayon filialının sədri, “Azərbaycan bayrağı” ordenli, I Qarabağ Müharibəsi qazisi Sevindik İsmayılov, şəhid ataları Qulu Quliyev, Əfsər Qurbanov, Elxan Quliyev çıxış etdilər. Tədbirdə iştirak edən və Horadiz əməliyyatı iştirakçıları olmuş Məzahir Məmmədov, Fazil Qurbanov və Ədalət Sərkərov Horadiz əməliyyatı ilə bağlı öz xatirələrini bölüşdülər, şəhidlərə rəhmət, qazilərə şəfa arzuladılar.






