Horadiz şəhərində “Zəfərə doğru” adlı tədbir keçirildi
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü il Azərbaycan Respublikasında “Heydər Əliyev İli” elan edilmişdir. Füzuli Rayon İcra Hakimiyyətinin 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı tədbirlər planına uyğun olaraq Füzuli rayonunda Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə uğurlu “Horadiz əməliyyatı”nın 29-cu ildönümünə həsr olunmuş “Zəfərə doğru” adlı hərbi-vətənpərvərlik motivli tədbir keçirildi. Tədbirdə RİH-in və YAP Füzuli rayon təşkilatının rəhbərliyi, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, İctimai Şuranın üzvləri, hərbiçilər, şəhid ailələri, qazilər, rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak etdilər.
Tədbir başlamazdan əvvəl Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev bir qrup ictimaiyyət nümayəndəsi, şəhid ailəsi və qazilərlə birlikdə Ulu Öndər Heydər Əliyevin abidəsi önününə tər çiçəklər düzərək, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə dərin ehtiramlarını ifadə etdilər. RİH-nin başçısı Alı Alıyev çıxış edərək, Prezident İlham Əliyev tərəfindən 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsinin Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə olan dərin ehtiramın və xalq məhəbbətinin nəticəsi olduğunu bildirdi. Alı Alıyev Azərbaycan ordusunun ilk uğuru olan “Horadiz əməliyyatı”ndan söz açaraq, bu əməliyyat nəticəsində qazanılan uğurun, üstünlüyün xalqda orduya və dövlətə inam, güvən yaratdığını, indiki Horadiz şəhəri də daxil olmaqla 22 yaşayış məntəqəsinin düşməndən azad edilməsinin müstəsna əhəmiyyət daşımasını bir daha diqqətə çatdırdı. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən və böyük Zəfərlə bitən Vətən müharibəsindən bəhs edən rayon rəhbəri bu Zəfərin Ulu Öndər Heydər Əliyev siyasətinin təntənəli nəticəsi olduğunu bir daha vurğuladı.
Daha sonra şəhid anası Rəfiqə Novruzova, “Horadiz əməliyyatı”nın iştirakçısı Sevindik İsmayılov, Aprel döyüşləri qazisi Üzeyir Nəcəfov çıxış etdilər.
Tədbir rayon mədəniyyət evini hazırladığı musiqi proqramı və məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeirlərin səsləndirilməsi ilə davam etdi.