İctimai Şuraların yaradılması vətəndaş-dövlət münasibətlərində şəffaflığı təmin edir.
23 avqust 2022 | 13:58
İctimai idarəetmədə vətəndaşların iştirakı və ictimai nəzarətin gücləndirilməsi məsələləri son illər rəsmi dövlət hakimiyyətinin fəaliyyətində əsas prioritet istiqamətlərdən birini təşkil edir. Müvafiq qanunvericilik aktlarının qəbul edilməsilə iştirakçılığın legitim əsasları gücləndirilmiş və daha əlverişli hüquqi mühit yaradılmışdır. Xüsusilə 1 iyun 2014-cü ildən qüvvəyə minmiş “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu ictimai iştirakçılığın perspektiv inkişafı üçün mühüm əhəmiyyətə malik olmuşdur. Formalarını və icra mexanizimlərini daha aydın şəkildə müəyyən etməklə Qanun ictirakçılığın nəzəriyyədən praktikaya transformasiya edilməsinə mühüm töhfə vermişdir. İctimai şuralar ilə bağlı məsələlər “İctimai iştirakçılıq haqqında” qanunla bərabər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 30 may 2014-cü il tarixdə qəbul olunmuş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə” ilə tənzimlənir.
İctimai Şuraların yaradılması cəmiyyətdəki mövcud problemlərin həlli üçün dövlət orqanları ilə cəmiyyət arasında əlaqələrin yaranmasına, dövlət orqanlarına dəstək mexanizminin formalaşmasına şərait yaratdı. Bu aktual məsələnin ölkə başçısı tərəfindən hüquqi təsdiqi əslində yerlərdə vətəndaşları narahat edən ən xırda məslələrin həllinə aparan geniş bir yolun açılması oldu. Dünya təcrübəsindən də göründüyü kimi, vətəndaş cəmiyyətinin dövlət qurumları ilə birgə fəaliyyəti vətəndaş-dövlət münasibətlərinin tənzimlənməsində şəffaflıq prinsipinin təmin olunmasına səbəb olur. Eyni zamanda, ictimai şuraların fəaliyyəti sosial media ilə inteqrasiya olunmuş formada reallaşması bu şəffaflığın daha da artmasına səbəb olur.
Biz də Füzuli Rayon İcra Hakimiyyəti yanında İctimai Şura olaraq hər zaman ictimai tədbirlərdə, görüşlərdə, qəbullarda fəal iştirak etməyə, camaatımızı narahat edən məsələlərin dövlət qurumlarına çatdırılmasında, işıqlandırılmasında və həllində operativ olmağa çalışırıq. Eyni zamanda rayonumuzda fəaliyyət göstərən vətəndaş cəmiyyəti insitutları, QHT-lərlə, İB-lərlə fəal əməkdaşlıq edir, təcrübəli təşkilatların və şəxslərin təcrübəsindən yararlanmağa səy göstəririk.
Rayonumuzda keçirilən ictimai tədbirlərdə, şəhid ailələri, şəhid uşaqları, qazilərlə keçirilən görüşlərdə, şəhidlərin xatirələrinin əbədiləşdirilməsi məqsədilə qurulan abidə komplekslərinin açılışlarında yaxından iştirak edirik. Həssas təbəqədən olan insanların problemlərini və istəklərini öyrənməyə və aidiyyəti dövlət qurumlarına çatdırmağa çalışırıq.
Həmçinin may ayından etibarən bütün iqtisadi zonalarda baş tutan Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “QHT-dövlət əməkdaşlığında yeni çağırışlar: ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi” adlı konfransların 07 iyun 2022-ci il tarixində İmişli rayonunda keçirilən respublika zona konfransında ətraf rayonların nümayəndələri ilə yanaşı biz də iştirak etdik.
Bütün zona konfranslarınında olduğu kimi, növbəti dəfə də, əsas mövzu olaraq İctimai Şuraların cəmiyyətin və dövlətin həyatında fəal iştirak etməsi, qarşıya çıxan problemlərin aradan qaldırılmasında dövlət orqanlarının fəaliyyətinə dəstək göstərməsi bir daha vurğulandı. İctimai Şuraların fəaliyyətində cəmiyyətlə qarşılıqlı əlaqələrin gücləndirilməsinin, sağlam dialoqun qurulmasının, qərarların qəbulunda ictimai rəyin, vətəndaş maraqlarının nəzərə alınmasının əsas məqsəd olduğu qeyd olundu.
Keçirilən konfransdan sonra Füzuli rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri olaraq qeyd olunanları bir daha dərindən müzakirə etdik və gələcək fəaliyyətimizdə bu məsələləri əsas görütməyi qarşımıza məqsəd qoyduq.
Füzuli rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Zülfüqar Əliyev