“Mən fəxr edirəm ki, Azərbaycanlıyam!” mövzusunda dəyirmi masa keçirildi!
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin layihəsi əsasında Füzuli Rayon İcra Hakimiyyəti və Füzuli Rayon Təhsil Sektorunun birgə təşkilatçılığı ilə Füzuli rayonunda “Mən fəxr edirəm ki, Azərbaycanlıyam!” mövzusunda dəyirmi masa keçirildi. Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Füzuli rayon Heydər Əliyev Mərkəzində keçirilən görüşdə Füzuli RİHB-nin müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbahar Eyvazova, QRTİ Füzuli Rayon Təhsil Sektorunun müdiri Ramella Məmmədova, Uşaq Səfirlər Məclisinin Füzuli rayon nümayəndələri Aygün Məmmədova, Ağalar Qənizadə və müxtəli müsabiqələrdə qalibiyyət qazanmış bir qrup fəal şagird iştirak etdi.
İştirakçılar əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzərək, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını ifadə etdilər. Daha sonra Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən fotoguşələrə və kitab sərgisinə baxış keçirildi.
Görüş dəyirmi masa ətrafında davam etdi. Füzuli RİHB- nin müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbahar Eyvazova çıxış edərək əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət uşaq siyasətinin ölkəmizdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, uşaqların rahat yaşaması, təhsil alması, öz potensiallarını gerçəkləşdirmələri üçün bütün şəraitin yaradılmasından bəhs etdi.
QRTİ Füzuli Rayon Təhsil Sektorunun müdiri Ramella Məmmədova çıxış edərək ölkəmizdə aparılan uğurlu təhsil siyasətindən, Füzuli məktəblilərinin qazandığı uğurlardan və bütün bu uğurların mənbəyində Ulu Öndər heydər Əliyev siyasəti dayandığından söz açdı.
Daha sonra dəyirmi masa ətrafında Uşaq Səfirlər Məclisinin Füzuli rayon nümayəndələrinin təqdimatları, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş “Ən yaxşı təqdimat” müsabiqəsində II yer qazanmış Dəniz Qarayevanın çıxışı dinlənildi. Uşaq hüquqlarının qorunması, uşaqların fikirlərinin dəyərləndirilməsi, sərbəst peşə seçimi imkanlarının yaradılması, uşaqların zərərli vərdişlərdən qorunması mövzularında maraqlı fikir mübadiləsi və müzakirələr aparıldı.