Novruz bayramı münasibəti ilə bayram şənliyi keçirildi!
17 mart 2026 | 15:48
Füzuli rayonunda milli bayramımız olan Novruz bayramı münasibətilə ümumrayon bayram tədbiri keçirildi. Horadiz şəhərində yerləşən İdman Kompleksində keçirilən bayram tədbirində Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, YAP Füzuli rayon təşkilatının sədri Nazimə Şamıyeva, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak etdilər.
Tədbir başlamazdan əvvəl “Şəhərsalma və Memarlıq İli” çərçivəsində tarixi abidələri əks etdirən maketlərdən, folklor nümunələrindən və rayon sakinlərinin əl işlərindən ibarət təşkil olunmuş sərgiyə baxış keçirildi.
İlk olaraq Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Daha sonra Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək Novruz bayramı xalqımızın milli-mənəvi dəyərlərini, birlik və həmrəylik ənənələrini özündə yaşadan ən qədim bayramlardan biri olduğundan danışdı. Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqının zəngin milli-mənəvi irsinin, adət-ənənələrinin və mədəni dəyərlərinin qorunmasına xüsusi önəm verməsindən söz açan rayon rəhbəri bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən xalqımızın mənəvi dəyərlərinin, bayramlarının yüksək şəkildə qorunduğunu, qeyd olunduğunu, eləcə də bütün dünyada təbliğ olunduğunu bir daha vurğuladı. Alı Alıyev çıxışının sonunda Vətən müharibəsində qazanılmış şanlı Qələbədən sonra işğaldan azad olunmuş torpaqlarımızda, o cümlədən Füzuli rayonunda genişmiqyaslı quruculuq və bərpa işlərinin aparılmasından bəhs edərək şəhid ailələrini və rayon sakinlərini Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik etdi, onlara möhkəm cansağlığı, ailələrinə xoşbəxtlik, firavanlıq və bol ruzi-bərəkət arzuladı.
Bayram şənliyi Novruz atributları olan Kosa, Keçəl, Bahar qız və Dədə-Qorqudun iştirakı ilə şən musiqi nömrələri, rəqslərlə davam etdi.
Tədbir şəhid ailələri tərəfindən bayram tonqalının yandırılması ilə sona çatdı.






