Şriftin ölçüsü :

Saytın rəngi :

”Novruz bayramınız mübarək” adlı bayram şənliyi keçirildi!

18 mart 2025 | 16:05

Füzuli rayonunda milli bayramımız olan Novruz bayramı münasibətilə ümumrayon bayram tədbiri keçirildi. Horadiz şəhərində yerləşən İdman Kompleksində keçirilən bayram tədbirində Füzuli RİH başçısı Alı Alıyev, YAP Füzuli rayon təşkilatının sədri Nazimə Şamıyeva, Hüquq-mühafizə orqanlarının rəhbərləri, hərbçilər, şəhid ailə üzvləri, müharibə iştirakçıları, təhsil və səhiyyə işçiləri, ictimaiyyət nümayəndələri iştirak etdilər.
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək Azərbaycan xalqının milli bayramı olan Novruz bayramı münasibətilə bütün xalqımızı, eləcə də füzuliləri təbrik etdi. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bütün milli-mənəvi dəyərlərimizin, adət-ənələrimizin bizlərə qaytarıldığını diqqətə çatdıran rayon rəhbəri bu gün ölkə başçısı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən xalqımızın mənəvi dəyərlərinin, bayramlarının yüksək şəkildə qorunduğunu, qeyd olunduğunu, eləcə də bütün dünyada təbliğ olunduğunu bir daha vurğuladı. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi şanlı ordumuzun qazandığı böyük Zəfərdən söz açan Alı Alıyev bu Zəfərə qəhrəman şəhidlərimizin və qazilərimizin canı, qanı ilə qatıldığını diqqətə çatdırdı.
YAP Füzuli rayon təşkilatının sədri Nazimə Şamıyeva çıxış edərək qarşıdan gələn Novruz bayramı münasibəti ilə xalqımıza olan təbriklərini səsləndirdi, bütün şəhid ailələrini və qaziləri ürəkdən təbrik etdi.
Daha sonra şəhid anaları Səridə Zalova, Rəfiqə Novruzova, Tamella Məmmədova, Solmaz Cəfərova, qazi Sevindik İsmayılov çıxış edərək öz təbriklərini səsləndirdilər.
Tədbirdə folklor nümunələrindən ibarət, rayon sakinlərinin əl işlərindən təşkil olunmuş sərgi nümayiş olundu. Bayram şənliyi Novruz atributları olan Bahar qız, Dədə-Qorqud, Kosa və Keçəlin iştirakı ilə şən musiqi nömrələri, rəqslərlə davam etdi.
Sonda tədbir iştirakçıları pəhləvan Əhdimalı Əliyevin bayram əhval ruhiyyəli nömrələrini izlədilər.
Tədbir şəhid ailələri tərəfindən bayram tonqalının yandırılması ilə sona çatdı.

Keçidlər