“Şəfqət və xeyirxahlıq təcəssümü-Mehriban xanım Əliyeva” adlı tədbir keçirildi!
19 fevral 2026 | 17:50
“Şəfqət və xeyirxahlıq təcəssümü-Mehriban xanım Əliyeva” adlı tədbir keçirildi. Füzuli Rayon İcra Hakimiyyətinin, Qarabağ Regional Təhsil İdarəsinin Füzuli və Xocəvənd rayonları üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Füzuli RİH-nin əməkdaşları, YAP Füzuli rayon təşkilatının sədri Nazimə Şamıyeva, Qarabağ Regional Təhsil İdarəsinin Füzuli və Xocəvənd rayonları üzrə təhsil sektorunun müdiri Ramella Məmmədova, Füzuli Dövlət Peşə Təhsil Mərkəzinin rəhbərliyi, Elm və Təhsil İşçiləri Həmkarlar ittifaqının Füzuli rayon Komitəsinin əməkdaşları, təhsil işçiləri və ictimaiyyət nümayəndələri iştirak etdilər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, eləcə də şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Sonra Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətindən bəhs edən və Heydər Əliyev Fondu tərəfindən Füzuli rayonunda həyata keçirilən layihələr barədə videomaterial izlənildi
Tədbir zamanı Füzuli Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Ülkər Bayramlı çıxış edərək Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik ideyalarının layiqli davamı olmaqla, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən sosialyönümlü siyasətin mühüm tərkib hissəsi olduğunu diqqətə çatdırdı. Bu siyasətin mərkəzində Azərbaycan vətəndaşı, onun rifahı və sosial müdafiəsi dayandığını bildirən Ülkər Bayramlı Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan xalqına xidmətlərinin yüksək qiymətləndirildiyini, onun fəaliyyətinin dövlətçilik ənənələrinin möhkəmləndirilməsinə və cəmiyyətin sosial rifahının yüksəldilməsinə xidmət etdiyini vurğuladı.
Daha sonra YAP Füzuli rayon təşkilatının sədri Nazimə Şamıyeva çıxış edərək Mehriban xanım Əliyevanın fəaliyyəti ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin həyata keçirdiyi uğurlu dövlət siyasətinə mühüm dəstək olmaqla yanaşı, cəmiyyətin rifahının yüksəldilməsinə, milli həmrəyliyin möhkəmləndirilməsinə xidmət etdiyini diqqətə çatdırdı. Onun təşəbbüsü ilə reallaşdırılan layihələr xüsusilə şəhid ailələrinə, qazilərə, aztəminatlı ailələrə və həssas əhali qruplarına göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu bildirdi.
Sonra Qarabağ Regional Təhsil İdarəsinin Füzuli və Xocəvənd rayonları üzrə təhsil sektorunun müdiri Ramella Məmmədova və Füzuli Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Səminə Nuriyeva çıxış edərək Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın milli-mənəvi dəyərlərin qorunması, mədəni irsin təbliği, təhsilin və səhiyyənin inkişafı istiqamətində həyata keçirdiyi layihələr ölkəmizin davamlı inkişafına mühüm töhfə verməsindən danışdılar. Sonda çıxış edən natiqlər Mehriban xanım Əliyevanın humanizmə əsaslanan fəaliyyəti cəmiyyətdə mərhəmət, birlik və həmrəylik kimi ali dəyərlərin möhkəmləndirilməsində xüsusi rolu olduğundan və gənc nəsil üçün nümunə təşkil etdiyindən bəhs etdilər.






