“Şəhərsalma və Memarlıq İli” çərçivəsində 15 İyun-Milli Qurtuluş Gününə həsr edilmiş “Milli Qurtuluşun Memarı-Ulu Öndər Heydər Əliyev ” adlı tədbir keçirildi!
Füzuli rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində 15 İyun-Milli Qurtuluş Gününə həsr edilmiş “Milli Qurtuluşun Memarı-Ulu Öndər Heydər Əliyev ” adlı tədbir keçirilib.
Füzuli Rayon İcra Hakimiyyətinin, Heydər Əliyev Mərkəzinin və Qarabağ Regional Mədəniyyət İdarəsinin Füzuli rayon mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə Füzuli rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Ağsaqqallar Şurasının sədri Zülfiqar Əliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, hərbiçilər, rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilatların rəhbərləri və kollektivləri, ziyalılar, ağsaqqallar, gənclər, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, bir qrup şəhid ailəsi və ziyalılarla birlikdə,Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzərək, onun əziz xatirəsinə ehtiramlarını ifadə ediblər.
Daha sonra Ulu Öndər Heydər Əliyevin Füzuli rayonuna etdiyi səfərləri əks etdirən fotoşəkillərdən ibarət sərgiyə baxış keçirilib.
Tədbir başlamazdan əvvəl Dövlət Himni səslənib və Ulu Öndər Heydər Əliyevin, eləcə də bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək, 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin xalqın çağırışı ilə yenidən respublikamızın rəhbərliyinə qayıdışının Azərbaycanı dövlət müstəqilliyinin itirilməsi, ölkənin parçalanması təhlükəsindən, dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas edərək uzunmüddətli inkişaf yoluna çıxardığını, həmin günün tariximizə Milli Qurtuluş Günü kimi qızıl hərflərlə yazıldığını diqqətə çatdırdı. Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi və apardığı uğurlu siyasəti nəticəsində bu qurtuluşun xalqımızı Zəfərə çatdırdığını bir daha vurgulayan Alı Alıyev bütün azərbaycanlıları, eləcə də füzuliləri Milli Qurtuluş Günü münasibəti ilə ürəkdən təbrik etdi, Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa dilədi.
Tədbir bədii proqramla davam etdirilib. Qarabağ Regional Mədəniyyət İdarəsinin Füzuli rayon mədəniyyət müəssisələrinin hazırladığı konsert proqramı iştirakçılara təqdim edilib.






