Şəhid Əhmədzadə Elməddin Uğur oğlunun ailəsi və məzarı ziyarət olundu!
27 sentyabr 2025 | 19:17
27 Sentyabr- Anım günündə 44 günlük vətən müharibəsinin şəhidi Əhmədzadə Elməddin Uğur oğlunun ailəsi və məzarı Füzuli Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhid ailələri, qazilər və rayon ziyalıları ilə birlikdə ziyarət olundu.
Qeyd edək ki, Şəhid Elməddin Əhmədzadə 1996-cı il oktyabrın 1-də İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olmuşdur. Əslən Füzuli rayonunun Qacar kəndindəndir.
Azərbaycan Ordusunun əsgəri olan Elməddin Əhmədzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə böyük şücaətlə iştirak etmişdir. Elməddin Əhmədzadə sentyabrın 27-də Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlmişdir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Elməddin Əhmədzadə ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Vətən uğrunda", "Cəsur döyüşcü", "Füzulinin işğaldan azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Əlavə olaraq bildiririk ki, şəhidimizin ailəsi İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində yaşayır.






