Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Ələddin Həziyevin nəşi 33 ildən sonra doğma Füzulidə dəfn edildi!

15 may 2026 | 17:37
1993-cü il iyulun 23-də Füzuli rayonu Cuvarlı kəndi istiqamətində gedən ağır döyüşlər zamanı itkin düşən və 33 ildən sonra qalıqları tapılaraq eyniləşdirilən şəhid Ələddin Həziyevin nəşi mayın 15-də doğulduğu Füzuli rayonunun İşıqlı kənd qəbiristanlığında torpağa tapşırıldı.
Həziyev Ələddin Həzi oğlu 29 mart 1973-cü ildə Füzuli rayonunun İşıqlı kəndində anadan olmuşdur. 1980-ci ildə kənd məktəbinin birinci sinfinə daxil olmuş, 1990-cı ildə həmin məktəbi uğurla başa vurmuşdur.
Həqiqi hərbi xidmətini Bakı şəhəri, Abşeron rayonu, Müşfiqabad qəsəbəsində keçən Ələddin Həziyev Vətənə olan bağlılığı və doğma torpaqların müdafiəsi arzusu ilə komandanlıqdan onu Füzuli rayonuna göndərmələrini xahiş etmişdir. Bundan sonra o, 848 saylı hərbi hissənin tərkibində döyüşlərə qatılmışdır.
Ələddin Həziyev Birinci Qarabağ müharibəsi dövründə bir çox hərbi əməliyyatlarda iştirak etmiş, erməni silahlı birləşmələrinin azərbaycanlıların yaşadığı yaşayış məntəqələrinə hücumlarının qarşısının alınmasında böyük şücaət göstərmişdir. Onun son döyüşü Cuvarlı kəndinin müdafiəsi zamanı olmuş və 23 iyul 1993-cü ildə itkin düşmüşdür. Subay olan Ələddin Həziyev ömrünün ən gənc çağlarında Vətən uğrunda canından keçərək qəhrəmanlıq salnaməsinə adını yazdırmışdır.
Şəhidin dəfn mərasimində böyük izdiham yaşanmışdır. Dəfn mərasimində Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Eldar Seyidov, Yeni Azərbaycan Partiyası Füzuli rayon təşkilatının sədri Nazimə Şamiyeva, Milli Məclisinin deputatı Vüqar Bayramov, Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, idarə, müəssisə və təşkilat rəhbərləri, həmçinin rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Mərasimdə şəhidimizin əziz xatirəsi böyük ehtiramla yad edilmiş, onun keçdiyi şərəfli döyüş yolundan bəhs olunmuşdur. Dəfn mərasiminin sonunda Azərbaycanın üçrəngli Dövlət Bayrağı şəhidin tabutu üzərindən götürülərək böyük ehtiramla ailəsinə təqdim edilmişdir. Şəhidimizin xatirəsinə ehtiram əlaməti olaraq yaylım atəşi açılmış, ardından ruhuna dualar oxunmuşdur.
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin xatirəsinin xalqımızın qəlbində daim yaşayacağı vurğulanmışdır.
Füzuli Rayon İcra Hakimiyyəti olaraq şəhidimizin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik.
Keçidlər