Şəhid Əliyev Əli Ələsgər oğlunun Anım günü qeyd edildi
06 noyabr 2024 | 09:53
Şəhid Əliyev Əli Ələsgər oğlunun Anım günü qeyd edildi.
04 noyabr- Anım günündə 44 günlük Vətən Müharibəsinin şəhidi Əliyev Əli Ələsgər oğlunun məzarı və ailəsi Füzuli Rayon İcra Hakimiyyətinin əməkdaşları, qazilər və ziyalılar ilə birlikdə ziyarət olundu.
Xatırladaq ki, Əli Əliyev 6 iyun 1997-ci ildə Füzuli rayonunun Aşağı Yağlıvənd kəndində Ələsgər Əliyevin və Şərqiyyə Əliyevanın ailəsində anadan olmuşdur. 2003-2008-ci illərdə Füzuli rayon Aşağı Yağlıvənd kənd tam orta məktəbində, 2008-2012-ci illərdə Abşeron rayon Qobu qəsəbə orta məktəblərindən birində təhsil almışdır.
2012-2014-cü illərdə qaynaqçılıq ixtisası üzrə peşə təhsilini başa vurmuşdur. Əli Əliyev 2015-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başlamışdır. Tarixə Aprel döyüşləri olaraq yazılan döyüşlərdə Əli Əliyev atıcı olaraq vuruşmuşdur. Gecə döyüşləri zamanı Cəbrayıl rayonunun Lələtəpə istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Lələtəpə zirvəsi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuşdur. Həmin döyüşlərdə Ermənistanın müdafiə naziri Seyran Ohanyan tərəfindən qurulan və Ermənistan Ordusunun "yenilməz Ohanyan xətti" olaraq tanınan müdafiə xətti 40 dəqiqə ərzində darmadağın edilmişdir. Döyüşlərdən sonra Əli Əliyev "kiçik çavuş" rütbəsində xidmət etmişdir. 2017-ci ildə hərbi xidmətdən xidməti müddəti başa çatdığı üçün təxris olunmuşdur və mülki fəaliyyətinə davam etmişdir.
2020-ci ilin 14 iyul tarixində Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olması Əli Əliyevin qəlbində düşmənə qarşı qisas hissini dahada artırdı və könüllü hərbiyə qayıtmaq fikirinə düşdü. 21 sentyabr 2020-ci ildə hərbi təlim toplantılarına çağırılmışdır. Azərbaycan Ordusunun kiçik çavuşu olan Əli Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində manqa komandiri olaraq böyük şücaətlə iştirak etmişdir. Cəbrayılın, Xocavəndin, Füzulinin, Qubadlının, Zəngilanın və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə böyük igidliklə vuruşmuşdur. Əli Əliyev 6 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlmişdir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respiblikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Əli Əliyev ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Füzulinin azad olunmasına görə", "Xocəvəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilmişdir. Subay idi.