Şəhid Əliyev Elsəfa Səməd oğlunun Anım günü qeyd edildi!
10 oktyabr 2024 | 14:08
10 oktyabr- Anım günündə 44 günlük Vətən Müharibəsinin şəhidi Əliyev Elsəfa Səməd oğlunun məzarı və ailəsi Füzuli Rayon İcra Hakimiyyətinin əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin nümayəndələri, təhsil işçiləri və məktəblilər, rayon ictimaətinin əməkdaşları, qazilər və ziyalılar ilə birlikdə ziyarət olundu.
Xatırladaq ki, Elsəfa Əliyev Səməd oğlu 10 noyabr 1978-ci ildə Füzuli rayonunun Mahmudlu kəndində dünyaya gəlib. Ən böyük arzusu gələcəyin hərbçisi kimi Vətənin keşiyində dayanmaq olub. Bu istəklə Elsəfa həqiqi hərbi xidmətini bitirdikdən sonra müddət artıq hərbçi olaraq fəaliyyətini davam etdirib. Hərbin sirlərinə peşəkarcasına yiyələnərək tankçı kimi Vətənin keşiyini çəkib.
Xidməti dövründə "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli, "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli, "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" və "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları ilə təltif edilib. Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edən Elsəfa Cəbrayıl və Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmanlığı ilə seçilib. Cəbrayıl rayonunun Rüzgar kəndi istiqamətində gərgin döyüşlər zamanı qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlmişdir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Elsəfa Əliyev ölümündən sonra "Azərbaycan bayrağı" ordeni və "Vətən uğrunda", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə", medalları ilə təltif edilmişdir.