Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Elşad Cəfərovun ailəsi ziyarət olunaraq xatirəsi anıldı!

23 sentyabr 2024 | 09:16
Füzuli RİH başçısı Alı Alıyev və Hüquq-mühafizə orqanlarının rəhbərləri anım günü münasibəti ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli Antiterror əməliyyatında şəhid olan Elşad Cəfərovun ailəsini ziyarət edərək, anım mərasimində iştirak etdilər.
Qeyd edək ki, Şəhid - Kiçik çavuş Elşad Cəfərov 27 noyabr 1999-cu ildə Sabirabad rayonun Qalağayın kəndində anadan olmuşdur. Əslən Füzuli rayonunun Dövlətyarlı kəndindən idi. 2005-2008-ci illərdə Sabirabad rayonun Qalağayın kəndində yerləşən 33 nömrəli tam orta məktəbdə orta təhsilini almışdır. 2008-ci ildə ailəsi ilə birlikdə Füzuli rayonun İkinci Zobucuq qəsəbəsinə köçmüşlər. 2008-2016-cı illərdə orta təhsilini İkinci Zobucuq qəsəbəsində yerləşən 27 nömrəli tam orta məktəbdə davam etdirmişdir. Orta təhsilini bitirdikdən sonra 2018-ci ilin yanvar ayında Tovuz rayonunda yerləşən N saylı hərbi hissəyə həqiqi hərbi xidmətə yollanmışdır. 2019-cu ilin iyul ayında həqiqi hərbi xidmətini müvəffəqiyyətlə bitirmişdir.
2020-ci ilin avqust ayında könüllü olaraq yenidən Füzuli rayonu Şükürbəyli kəndində yerləşən N saylı hərbi hissəyə MAHHXHQ kimi hərbi xidmətə başlamışdır. Elşad hələ uşaqlıq çağlarında hər zaman torpaqlarımızın azad ediləcəyi ümidi ilə yaşamışdır. Azərbaycan Ordusunun hərbi qulluqçusu olan Elşad Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində böyük igidliklə iştirak etmişdir. Füzuli və Xocavənd rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə böyük şücaətlə vuruşmuşdur. Torpaqlarımızın azad olunmasında xüsusi ilə fərqlənərək düşmənin bir neçə canlı qüvvəsini məhv etmişdir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən Elşad Cəfərov "Füzulinin işğaldan azad olunmasına görə", "Xocavəndin işğaldan azad olunmasına görə" və Azərbaycan Respublikasının Baş Naziri cənab Əli Əsədovun sərəncamına əsasən isə "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif edilmişdir.
Elşad Cəfərov 2022-ci ilin oktyabr ayında könüllü olaraq komando kurslarına qatılmış və Xocəvənd rayonu ərazisində yerləşən N saylı komando hərbi hissəsində kəşfiyyatçı kimi xidmətini davam etdirmişdir. 19-20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror əməliyyatlarında iştirak edən Elşad bir neçə yüksəkliklərin terrorçulardan təmizlənməsində xüsusi ilə fərqlənmişdir. Elşad Cədərov 19 sentyabr 2023-cü il tarixinin axşam saatlarında döyüş meydanında qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda lokal antiterror əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən Elşad Cəfərov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuşdur.
Məlumat üçün qeyd edək ki, Elşad Cəfərovun əmisi Cəfərov Adil Aydın oğlu 1-ci Qarabağ müharibəsində əmisi oğlu Cəfərli Əli İsa oğlu isə 2-ci Qarabağ müharibəsində qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlmişlər. Allahdan şəhidlərimizə rəhmət, ailələrinə isə səbr diləyirik.
Keçidlər