Şəhid Həmidov Elşən Məzahir oğlunun Anım günüdür
09 noyabr 2024 | 21:12
Şəhid Həmidov Elşən Məzahir oğlunun Anım günüdür.
Anım günü ilə bağlı 44 günlük vətən müharibəsinin şəhidi Həmidov Elşən Məzahir oğlunun ailəsi və məzarı Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri qazilər və rayon ziyalıları ilə birlikdə ziyarət olundu
Xatırladaq ki, Elşən Həmidov 28 avqust 1979-cu ildə anadan olmuşdur. Birinci Qarabağ müharibəsi zamanı hələ yeniyetmə olan Elşən mənfur ermənilər tərəfindən Azərbaycanın dinc əhalisinə qarşı törədilən vəhşilikləri anlayaraq hər zaman düşmənə nifrət hissi ilə yaşayıb. Gələcəkdə hərbçi olmaq arzusunda olan Elşən həqiqi hərbi xidməti zamanı da nizam intizamı və Vətənə sadiqliyi ilə seçilib. Hərbi xidməti bitirdikdən sonra bir müddət Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyində (ANAMA) çalışıb.
Daha sonra öz istəyi ilə Vətən keşiyində dayanmaq üçün müddətdən artıq hərbçi kimi fəaliyyətini davam etdirib. 2020-ci il sentyabr ayının 27-dən o, ordu sıralarında yer alıb. Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli, Qubadlı və Xocavənd istiqamətlərində gedən döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularını daşıyan hərbi təyinatlı avtomobillərin sürücüsü olub. Döyüşlərdə göstərdiyi şücaəti, həmçinin yaralı və şəhid olan hərbçilərin təxliyyəsində Elşən Həmidov fəallığı ilə seçilib. Bu tapşırıqların yerinə yetirilməsində Elşən qəhrəmanlıq və igidlik göstərib. Noyabr ayının 8-də Xocavənd rayonu ərazisində Elşən şəhidlik zirvəsinə ucalıb. O, öz doğma yurdu olan Füzuli rayonunun Əhmədalılar kəndində torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Elşən Həmidov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Qeyd edək ki, şəhidimizin üç övladı yadigar qalıb.