Şəhid İsmayıllı Məhəmmədəli Elxan oğlunun Anım günü qeyd edildi
29 oktyabr 2024 | 10:44
Şəhid İsmayıllı Məhəmmədəli Elxan oğlunun Anım günü qeyd edildi.
Anım günündə 44 günlük Vətən Müharibəsinin şəhidi İsmayıllı Məhəmmədəli Elxan oğlunun məzarı və ailəsi Füzuli Rayon İcra Hakimiyyətinin əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin nümayəndələri, idarə-müəssələrin rəhbərləri, təhsil işçiləri və məktəblilər, rayon ictimaətinin əməkdaşları, döyüş yoldaşları, şəhid ailələri, qazilər və ziyalılar ilə birlikdə ziyarət olundu.
Xatırladaq ki, Məhəmmədəli İsmayıllı 06 may 1996-cı ildə Füzuli rayonunun Kürdmahmudlu kəndində anadan olmuşdur. 2002-ci ildə Şəhid Ramil Əkbərov adına Füzuli rayon Kürdmahmudlu kənd tam orta məktəbin 1-ci sinifinə qəbul olmuşdur. 2013-cü ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir.
İdmançı olaraq bir çox çempionatlarda iştirak etmişdir. 2007-ci ildə Bakı şəhərində keçirilən Azərbaycan çempionatında 35 kq çəki dərəcəsində 3-cü yeri, 2007-ci ildə Füzuli rayonunda klublararası açıq çempionatda 40 kq çəki dərəcəsində 1-ci yeri, 2008-ci ildə Bakı şəhər açıq çempionatında 47 kq çəki dərəcəsində 1-ci yeri, 2009-cu ildə Bakı şəhər Səbail rayonunda keçirilən açıq çempionatda 50 kq çəki dərəcəsində 1-ci yeri, 2011-ci ildə Gürcüstan Respublikasının Poti şəhərində keçirilən beynəlxalq turnirdə 65 kq çəki dərəcəsində 1-ci yeri tutmuşdur. Məhəmmədəli İsmayıllı 2011-ci ildə Türkiyənin Antalya şəhərində karate üzrə keçirilən dünya çempionatında 70 kq çəki dərəcəsində 1-ci yerə çıxaraq dünya çempionu olmuşdur. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Karate Federasiyası tərəfindən fəxri fərmana layiq görülmüşdür. Qara kəmər, 1-ci və 2-ci danla təltif olunmuşdur. 2013-cü ildə Ramil Əkbərov adına Kürdmahmudlu kənd orta məktəbini bitirmişdir. Hərbi xidmətini başa vurduqdan sonra Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mühafizəsində işə qəbul edilmişdir.
Məhəmmədəli İsmayıllı 2013-cü ildə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Məhəmmədəli İsmayıllıya xidmət müddətində fərqləndiyinə görə "baş matros" rütbəsi verilmişdir. Bir müddət bu sahədə çalışdıqdan sonra hərbi xidmətini müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq davam etdirmişdir.
Azərbaycan Ordusunun əsgəri olan Məhəmmədəli İsmayıllı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində sürücü olaraq iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə böyük igidliklə vuruşmuşdur. Məhəmmədəli İsmayıllı 26 oktyabr 2020-ci ildə Füzuli şəhəri istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı minaya düşərək qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlmişdir. 27 oktyabr 2020-ci ildə Füzuli rayonunun Kürdmahmudlu kəndində dəfn olunmuşdur. Subay idi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Məhəmmədəli İsmayıllı ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşcü", "Füzulinin azad olunmasına görə", Xocəvəndin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.