Şəhid İsmayılov Nizaməddin İsmayıl oğlunun anım günündə ailəsi və məzarı ziyarət olundu
28 sentyabr 2025 | 15:29
44 günlük Vətən Müharibəsinin şəhidi İsmayılov Nizaməddin İsmayıl oğlunun anım günündə ailəsi Füzuli Rayon İcra Hakimiyyətinin əməkdaşları, təhsil və mədəniyyət işçiləri, qazilər, kənd ziyalıları və sakinləri ilə birlikdə ziyarət olundu.
Xatırladaq ki, Nizaməddin İsmayılov 1981-ci il yanvarın 10-da Bala Bəhmənli kəndində anadan olub. Hələ yeniyetmə çağlarından hərb sənətinə marağı olan Nizaməddin 1999-cu ildə həqiqi hərbi xidmətə də ruh yüksəkliyi ilə yollanıb. Xidmətini layiqincə yerinə yetirdikdən sonra o, 2002-ci ildə Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində Gizirlik Hazırlıq Məktəbində tağım komandiri müavini vəzifəsini bitirib. 2003-cü ildən N saylı hərbi hissədə sülhməramlı taborda xidmətə başlayıb. Nizaməddin 2008-ci ilə kimi İraqda sülhməramlı taborda xidmət edib. 2008-ci ildə başqa bir hərbi hissədə tağım komandiri işləyib. 2011-ci ildən isə ön cəbhədə yerləşən hərbi hissələrdən birində minaatan batareyada fəaliyyətini davam etdirib. Xidməti dövründə bir çox medal və fəxri fərmanlarla təltif olunub. Aprel döyüşlərində şücaəti ilə seçilib. Vətən müharibəsində də ön sıralarda yer alıb. Cəbhənin yarılmasında qəhrəmanlığı ilə seçilən Nizaməddin qəhrəmancasına şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Nizaməddin İsmayılov ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşcü", "Füzulinin işğaldan azad olunmasına görə", "Xocəvəndin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Nizaməddin İsmayılov ailəli olub, iki övladı yadigar qalıb.






