Şəhid Məmmədov Samir Məmməd oğlunun anım mərasimi keçirildi!
24 sentyabr 2025 | 14:52
Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı Qarabağda keçirilən lokal xarakterli antiterror əməliyyatlarında qəhrəmancasına döyüşərək şəhidlik zirvəsində ucalan, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli şəhid Məmmədov Samir Məmməd oğlunun anım günü qeyd olundu. Füzuli rayonu Birinci Mahmudlu kəndində keçirilən anım mərasimində Füzuli Rayon İcra Hakimiyyətinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin əməkdaşları, YAP Füzuli Rayon Təşkilatının sədri, Füzuli Rayon Təhsil Sektorunun və Füzuli Rayon Gənclər Evinin nümayəndələri, şəhid ailələri, qazilər, rayonun axundu və ictimaiyyət nümayəndələri iştirak etdilər.
Qeyd edək ki, Şəhid - Kiçik çavuş Samir Məmmədov 15 yanvar 1988-ci ildə Füzuli rayonun Qoçəhmədli kəndində anadan olmuşdur. Mənfur erməni daşnaqlarının Qoçəhmədli kəndini işgal etdikdən sonra öz doğma torpaqlarından didərgin düsmüşlər. 1996-2007-ci illərdə Füzuli rayonun Fin qəsəbəsində yerləşən 59 nömrəli tam orta məktəbdə orta təhsilini almışdır.
Oxuduğu illər ərzində bütün müəllim və şagirdlər arasında, həm oxumağı həmdə yaxşı davranışlarına görə onların hörmət, və rəğbətini qazanmışdır. Xüsusilə onun davranışlarında diqqət çəkən məqamlardan ən əsası vətənpərvər olması idi. Orta təhsilini bitirdikdən sonra 2007-ci ilin oktaybr ayında Cəlilabad rayonunda yerləşən N saylı hərbi hissəyə həqiqi hərbi xidmətə yollanmışdır. 2009-cu ilin iyul ayında həqiqi hərbi xidmətini müvəffəqiyyətlə bitirmişdir.
2014-cü ilin aprel ayında könüllü olaraq yenidən Füzuli rayonu Şükürbəyli kəndində yerləşən N saylı hərbi hissəyə MAHHXHQ kimi hərbi xidmətə başlamışdır. Samir hələ uşaqlıq çağlarında hər zaman torpaqlarımızın azad ediləcəyi ümidi ilə yaşamışdır. Azərbaycan Ordusunun hərbi qulluqçusu olan Samir Məmmədov 2016-cı ilin aprel döyüşlərində və 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində böyük igidliklə iştirak etmişdir. Füzuli və Xocavənd rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə böyük şücaətlə vuruşmuşdur. Torpaqlarımızın azad olunmasında xüsusi ilə fərqlənərək düşmənin bir neçə canlı qüvvəsini məhv etmişdir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən Samir Məmmədov "Füzulinin işğaldan azad olunmasına görə", "Xocavəndin işğaldan azad olunmasına görə", "Cəsur döyüşcü" və Azərbaycan Respublikasının Baş Naziri cənab Əli Əsədovun sərəncamına əsasən isə "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif edilmişdir.
Samir Məmmədov 2022-ci ilin oktyabr ayında könüllü olaraq komando kurslarına qatılmış və Xocəvənd rayonu ərazisində yerləşən N saylı komando hərbi hissəsində kəşfiyyatçı kimi xidmətini davam etdirmişdir. 19-20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror əməliyyatlarında iştirak edən Samir bir neçə yüksəkliklərin terrorçulardan təmizlənməsində xüsusi ilə fərqlənmişdir. Samir Məmmədov 19 sentyabr 2023-cü il tarixinin axşam saatlarında döyüş meydanında (Xocalı rayonu) qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda lokal antiterror əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən Samir Məmmədov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuşdur.






