Şəhid Milli Qəhrəman Nazim Quliyevin anım tədbiri keçirildi!
09 yanvar 2026 | 15:29
Füzuli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Horadiz şəhərində yerləşən “Qəhrəmanlar Parkı”nda keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin əməkdaşları, YAP Füzuli rayon təşkilatının sədri, şəhid ailələri, qazilər, ziyalılar, gənclər, Milli Qəhrəman Nazim Quliyevin ailə üzvləri və döyüş yoldaşları iştirak etdilər.
Əvvəlcə “Qəhrəmanlar Parkı”nda şəhidlərin əziz xatirəsinə ucaldılmış abidə kompleksləri və şəhid şəkillərindən ibarət lövhələr ziyarət olunaraq, qarşılarına tər çiçəklər düzüldü. Daha sonra Füzuli Rayon İcra Hakimiyyəti Başçısının müavinləri Vüqar Teymurov və Gülbahar Eyvazova, YAP Füzuli rayon təşkilatının sədri Nazimə Şamıyeva, şəhid ataları Əfsər Qurbanov, Qulu Quliyev, şəhid anaları Rəfiqə Novruzova, Göyçək Nəsirova çıxış etdilər. Çıxışçılar şəhidlərin qəhrəmanlıq dolu döyüş yollarının gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında əsas mənbə olduğunu, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi şanlı Azərbaycan ordusunun qazandığı böyük Zəfər nəticəsində torpaqlarımızın işğaldan azad edilməsinin bütün şəhidlərimizin ruhuna rahatlıq gətirdiyini, şəhidlərin əziz xatirəsini hər zaman anılmasının hər kəsin vətəndaşlıq borcu olduğunu diqqətə çatdırdılar.
Rayon İcra Hakimiyyətinin əməkdaşı Xalisə Məmmədova Milli Qəhrəman Nazim Quliyevlə bağlı məlumatlardan ibarət təqdimatı səsləndirdi.
Daha sonra şəhidin ailə üzvləri və döyüş yoldaşları Milli Qəhrəman Nazim Quliyevlə bağlı xatirələrini bölüşdülər. İştirakşılar bütün şəhidlərə Allahdan rəhmət, qazilərə sağlamlıq arzuladılar.






