Şəhid Nəsirov Elmir Zülfü oğlunun Anım günü qeyd edildi
29 oktyabr 2024 | 10:52
Şəhid Nəsirov Elmir Zülfü oğlunun Anım günü qeyd edildi.
28 oktyabr- Anım günündə 44 günlük Vətən Müharibəsinin şəhidi Nəsirov Elmir Zülfü oğlunun məzarı və ailəsi Füzuli Rayon İcra Hakimiyyətinin əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin nümayəndələri, idarə-müəssələrin rəhbərləri, təhsil işçiləri və məktəblilər, rayon ictimaətinin əməkdaşları, döyüş yoldaşları, şəhid ailələri, qazilər və ziyalılar ilə birlikdə ziyarət olundu.
Xatırladaq ki, Elmir 1991-ci il iyulun 13-də Füzuli rayonu Əhmədbəyli kəndində dünyaya göz açıb. Hələ yeniyetmə çağlarından hərbçi olmaq arzusu ilə yaşayıb. 2009-cu ildə həqiqi hərbi xidmətə də ruh yüksəkliyi ilə yollanıb. Xidmətini bitirdikdən bir müddət sonra yenidən könüllü olaraq ordu sıralarına qayıdıb və bir tankçı kimi Vətənin keşiyində dayanıb. 2016-cı il Aprel döyüşlərində iştirak edən Elmir tankı ilə düşmənin xeyli sayda canlı qüvvəsini və texnikasını məhv edib və döyüşlərdə göstərdiyi igidliklərə görə "Fəxri fərman"la təltif olunub.
Vətən müharibəsi başlayan gündən Elmir ön cəbhəyə göndərilib və döyüş əməliyyatlarında xüsusilə fərqlənib. Döyüş yoldaşları ilə ön cəbhənin yarılmasında iştirak edərək düşmənin xeyli sayda canlı qüvvəsinin və texnikasının məhv edilməsində xüsusi şücaət göstərib. Füzuli rayonu Seyidəhmədli, Qorqan kəndləri istiqamətində gedən döyüş əməliyyatlarında Elmir qəhrəmancasına döyüşərək şəhidik zirvəsinə yüksəlib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Elmir Nəsirov ölümündən sonra “Vətən uğrunda”, "Cəsur döyüşcü", “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Qeyd edək ki, Elmir Nəsirov ailəli olub, iki övladı yadigar qalıb.