Şəhid Paşayev Elgün İlham oğlunun Anım günü qeyd edildi
15 oktyabr 2024 | 17:34
Şəhid Paşayev Elgün İlham oğlunun Anım günü qeyd edildi.
15 oktyabr- Anım günündə 44 günlük Vətən Müharibəsinin şəhidi Paşayev Elgün İlham oğlunun məzarı və ailəsi Füzuli Rayon İcra Hakimiyyətinin əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin nümayəndələri, idarə-müəssələrin rəhbərləri, təhsil işçiləri və məktəblilər, rayon ictimaətinin əməkdaşları, döyüş yoldaşları, qazilər və ziyalılar ilə birlikdə ziyarət olundu.
Xatırladaq ki, Paşayev Elgün İlham oğlu 1994-cü il martın 4-də Sabirabad rayon Qalaqayın kəndində məcburi köçkün ailəsində anadan olub. 2001-2007-ci illərdə Qalaqayın kənd 1 saylı tam orta məktəbdə oxuyub. Ailəsinin Füzuli rayon İkinci Zobucuq qəsəbəsinə köçməsi ilə əlaqədar təhsilini 27 saylı tam orta məktəbdə başa vurub. 2012-2013-cü illərdə Sərhəd Qoşunlarında həqiqi hərbi xidmətdə olub. 2015-ci ildə ailə qurub və iki övladı dünyaya gəlib. Elgün könüllü olaraq 2019-cu ildən müddətdən artıq hərbi xidmətçi kimi Vətənin keşiyində dayanıb.
Azərbaycan Ordusunun kiçik çavuşu olan Elgün Paşayev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə şücaətlə döyüşüb. Düşmən sədlərinin yarılmasında qəhrəmanlığı ilə seçilib. Elgün Paşayev sentyabrın 27-də Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Elgün Paşayev ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.