Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Qasımov Hüseyn Kamil oğlunun Anım günü qeyd edildi!

07 oktyabr 2024 | 10:42
06 oktyabr- Anım günündə 44 günlük Vətən Müharibəsinin şəhidi Qasımov Hüseyn Kamil oğlunun məzarı və ailəsi Füzuli Rayon İcra Hakimiyyətinin əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin nümayəndələri, rayon ictimaətinin əməkdaşları, qazilər və ziyalılar ilə birlikdə ziyarət olundu.
Xatırladaq ki, Qasımov Hüseyn Kamil oğlu 1984-cü il mayın 13-də Füzuli rayonunun Qaraxanbəyli kəndində anadan olub. 1990-cı ildə Qaraxanbəyli kənd orta məktəbində 1-ci sinfə daxil olub. Ermənilərin Azərbaycan torpaqlarına təcavüzü zamanı Hüseyn ailəsi ilə birlikdə məcburi köçkün olaraq Beyləqan rayonunun Qəhrəmanlı kəndində məskunlaşıb. Hələ azyaşlı vaxtlarından Vətən həsrəti ilə yaşayan Hüseyn gələcəkdə hərbçi olmağı qərara alıb. 2002-ci ildə həqiqi hərbi xidmətə ruh yüksəkliyi ilə yollanıb. Tərxis olduqdan sonra Ağcabədi Dövlət Pedaqoji Kollecinin Bədən-tərbiyəsi fakültəsinə qəbul olub. 2008-ci ildə həmin kolleci bitirib. Müəllim ixtisası olmasına baxmayaraq, Hüseyn 2010-cu ildə könüllü olaraq ordu sıralarına qayıdıb. Xidmət illəri əsasən Bərdə, Ağdam və Beyləqan rayonlarında yerləşən N saylı kəşfiyyat taborunda olub. Hüseyn hərbi xidmətdə göstərdiyi nümunəvi xidmətinə görə 2014-cü ildə gizir rütbəsi alıb. 2016-cı il Aprel döyüşlərində də xüsusi şücaəti ilə seçilib. Öz tağımı ilə düşmənin bir neçə canlı qüvvəsini məhv edib.
Azərbaycan Ordusunun giziri olan Hüseyn Qasımov Vətən müharibəsi zamanı Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə igidliklə vuruşub. Kəşfiyyat tağım komandiri olan Hüseyn öz tağımı ilə birlikdə ön cəbhənin yarılmasında xüsusi ilə fərqlənib. Hüseyn Qasımov oktyabrın 2-də Cəbrayıl rayonu uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Beyləqan rayonu Qəhrəmanlı kənd qəbiristanlığında dəfn olunub.
Hüseyn Qasımov döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Hərbi xidmətlərə görə", "Füzulinin işğaldan azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Ailəli idi, bir övladı yadigar qalıb.
Keçidlər