Şəhid Qubatov Tural Firəddin oğlunun Anım günü qeyd edildi!
05 oktyabr- Anım günündə 44 günlük Vətən Müharibəsinin şəhidi Qubatov Tural Firəddin oğlunun məzarı və ailəsi Füzuli Rayon İcra Hakimiyyətinin əməkdaşları, kənd ziyalıları və məktəb rəhbərliyi ilə birlikdə ziyarət olundu.
Xatırladaq ki, 1998-ci il iyunun 4-də Füzuli rayonun Böyük Bəhmənli kəndində döyüşçü ailəsində dünyaya gələn Tural uşaq yaşlarından hərbçi olmağı arzulayırdı. Atasının yolunu davam etdirmək arzusu ilə yaşayan Tural həqiqi hərbi xidməti başa vurduqdan sonra ordu sıralarında qalmağı qərara aldı.
Tural müddətdən artıq hərbi xidmətçi kimi həmlə taborunda ön cəbhədə döyüşürdü. Alxanlı istiqamətindən başlayan əks-hücum zamanı pulemyotçu olaraq düşmənə qarşı mərdliklə vuruşub. O və hərbçi yoldaşları 30 illik erməni səddinin yarılmasında şücaət göstəriblər. Daha sonra Tural və döyüşçü yoldaşları Cəbrayıl istiqamətində düşmənə qarşı mərdliklə vuruşublar. Gərgin döyüşlərdən birində Tural qəhrəmancasına həlak olaraq şəhidlik zirvəsinə ucalmışdır. Tural hələ uşaq yaşlarından seçilən bir oğul idi. Mərdliyi, qorxmazlığı ilə yaşıdlarından fərqlənirdi. Cəbhə bölgəsinə yaxın yaşadığımız üçün hər zaman deyərdi ki, biz o torpaqları azad edəcəyik, düşməni doğma torpaqlarımızdan çıxaracağıq. Canını da Vətən uğrunda fəda etdi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Tural Qubatov ölümündən sonra “Cəsur döyüşcü”, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.