Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Quliyev Elnur Eldar oğlunun Anım günü qeyd edildi!

07 oktyabr 2024 | 10:51

06 oktyabr- Anım günündə 44 günlük Vətən Müharibəsinin şəhidi Quliyev Elnur Eldar oğlunun məzarı və ailəsi Füzuli Rayon İcra Hakimiyyətinin əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin nümayəndələri, rayon ictimaətinin əməkdaşları, qazilər və ziyalılar ilə birlikdə ziyarət olundu.
Xatırladaq ki, Şəhid Elnur Quliyev 1984-cü il iyulun 25-də Füzuli rayonunda anadan olub. Onun əmisi — Nazim Quliyev Birinci Qarabağ müharibəsinin şəhididir. 1993-cü ilin avqustunda Füzuli rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsindən sonra Quliyevlər ailəsi Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində yaşamağa başladılar. 1991-2001-ci illərdə Qəhrəmanlı qəsəbə tam orta məktəbində təhsil alıb.
2002-2006-cı illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) "Artilleriya" ixtisası üzrə ali təhsil alıb. Elnur Quliyev 2006-cı ilin iyulundan 2007-ci ilin iyununa qədər Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzində (TTM) "Yerüstü Artilleriya Tağım Komandiri" Kurslarında olub.
Elnur Quliyev 2007-2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissəsində "leytenant" hərbi rütbəsində xidmət edib. 2013-2015-ci illərdə Gədəbəy rayonunda yerləşən "N" saylı hərbi hissədə Bölüyün Komandiri, 2015-2019-cu illərdə isə Ağstafa rayonunda yerləşən "N" saylı hərbi hissədə Maddi-Texniki Təminat (MTT) Bölüyü Komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifələrində xidmət edib.
Daha sonra o, Beyləqan rayonunda yerləşən hərbi hissələrdə xidmət edib. Elnur Quliyev həmin hərbi hissələrdə "mayor" hərbi rütbəsində Divizyon Komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsində xidmət edib. Son olaraq Beyləqan rayonunda yerləşən "N" saylı Əlahiddə Kəşfiyyat Taborunda Tabor Komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsində xidmət edib.
Azərbaycan Ordusunun mayoru olan Elnur Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı təxliyə rəisi vəzifəsinə təyin olunub. Amma vəzifəsinin cəbhədən geridə təxliyə prosesinin idarə edilməsi olmasına baxmayaraq Elnur Quliyev, Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə şəxsən savaşıb. Elnur Quliyev Füzuli rayonu ərazisində olan "İlanlı" dağına Azərbaycan bayrağını sancan birinci hərbçi olub. Elnur Quliyev oktyabrın 2-də Füzuli döyüşləri zamanı mühasirəyə düşən şəxsi heyətin xilas edilməsi üçün Tabor Komandiri və 4 nəfər döyüş yoldaşı ilə birgə döyüşə daxil olub. Ermənistan Ordusunun səngərinə daxil olaraq onların xeyli sayda canlı qüvvəsinin məhv edilməsində, həmçinin şəxsi heyətin xilas edilməsində və Ermənistan Ordusunun irəliləməsinin qarşısının alınmasında fərqlənib. Döyüşlər zamanı Elnur Quliyev və Tabor Komandiri Orxan Əkbərov, həmçinin digər 4 döyüş yoldaşı qəhrəmancasına şəhidlik zirvəsinə yüksəliblər. Elnur Quliyev Füzuli rayonu Bala Bəhmənli kənd qəbirstanlığında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Elnur Quliyev ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni və "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə medalları ilə təltif edilib.
Ailəli idi. Bir oğlu və bir qızı yadigar qalıb.

Keçidlər