Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Rafiq Cəfərovun nəşi 33 ildən sonra doğma Füzulidə torpağa tapşırıldı!

15 may 2026 | 15:24
1993-cü il iyul ayının 23-də Füzuli rayonu Cuvarlı kəndi istiqamətində gedən ağır döyüşlər zamanı itkin düşən və 33 ildən sonra nəşi aşkarlanaraq eyniləşdirilən şəhid Rafiq Cəfərovun nəşi mayın 15-də Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kənd qəbiristanlığında böyük izdihamla dəfn olunub.
Şəhid Cəfərov Rafiq Şirvan oğlu 13 may 1973-cü ildə Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndində anadan olmuşdur. 1980-ci ildə Aşağı Əbdürrəhmanlı kənd orta məktəbinin 1-ci sinfinə daxil olmuş, 1990-cı ildə həmin məktəbi uğurla başa vurmuşdur.
1991-ci ildə həqiqi hərbi xidmətə çağırılan Rafiq Cəfərov xidmətini Kəlbəcər rayonu istiqamətində davam etdirmiş, sonradan isə Birinci Qarabağ müharibəsində Füzuli rayonu istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Yaxınlarının bildirdiyinə görə, o, könüllü olaraq səfərbərlik xətti ilə ordu sıralarına yazılmış, torpaqlarımızın müdafiəsi uğrunda bir çox döyüş əməliyyatlarında iştirak etmiş, erməni silahlı birləşmələrinin azərbaycanlıların yaşadığı yaşayış məntəqələrinə hücumlarının qarşısının alınmasında böyük şücaət göstərmişdir.
Rafiq Cəfərov 23 iyul 1993-cü il tarixində Füzuli rayonu Cuvarlı kəndi istiqamətində gedən döyüşlər zamanı itkin düşmüşdür. Uzun illərdən sonra aparılan axtarış və eyniləşdirmə tədbirləri nəticəsində şəhidimizin nəşi tapılaraq doğma torpağına gətirilmişdir.
Şəhidin dəfn mərasimində Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Eldar Seyidov, YAP rayon təşkilatının sədri Nazimə Şamiyeva, Milli Məclisin deputatı Vüqar Bayramov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, idarə, müəssisə və təşkilatların nümayəndələri, eləcə də rayon ictimaiyyəti iştirak etmişdir.
Mərasimdə şəhidimizin keçdiyi şərəfli həyat yolundan və Vətən uğrunda göstərdiyi qəhrəmanlıqdan danışılıb, onun əziz xatirəsinin xalqımızın yaddaşında daim yaşayacağı vurğulanıb. Şəhidin tabutu üzərinə bükülmüş üçrəngli Azərbaycan bayrağı ailəsinə təqdim olunub.
Dəfn mərasimi zamanı şəhidimizin əziz xatirəsinə ehtiram əlaməti olaraq yaylım atəşi açılıb.
Füzuli Rayon İcra Hakimiyyəti olaraq şəhidimizin ailəsinə dərin hüznlə başsağlığı verir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik. Vətən uğrunda canından keçən qəhrəman oğullarımızın əziz xatirəsi daim uca tutulacaqdır.
Keçidlər