Şəhid Rəşidzadə Səid Nofəl oğlunun Anım günü qeyd edildi!
11 oktyabr 2024 | 16:58
11 oktyabr- Anım günündə 44 günlük Vətən Müharibəsinin şəhidi Rəşidzadə Səid Nofəl oğlunun məzarı və ailəsi Füzuli Rayon İcra Hakimiyyətinin əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin nümayəndələri, idarə-müəssələrin rəhbərləri, təhsil işçiləri və məktəblilər, rayon ictimaətinin əməkdaşları, rayonun axundu, qazilər və ziyalılar ilə birlikdə ziyarət olundu.
Xatırladaq ki, Rəşidzadə Səid Nofəl oğlu 1990-ci il yanvarın 28-də Horadiz şəhərində anadan olub. O, 1996-2007-cı illərdə Nərimanov rayonunda S.Yolçuyev adına 207 nömrəli tam orta məktəbdə təhsil alıb. 2007-2011-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alan Səid Rəşidzadə 2011-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmətə başlayıb. 2016-cı ilin Aprel döyüşlərində general Polad Həşimovla birgə düşmənə qarşı çiyin-çiyinə döyüşüb.
Səid 2019-cu ildə səhhəti ilə bağlı ordudan tərxis olunsa da, 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi zamanı döyüşlərə könüllü yollanıb. İlk döyüş yolu Füzulidən başlayan Səid Rəşidzadə Hadruta qədər döyüşlərdə iştirak edib və şücaəti ilə seçilib. Oktyabrın 11-də Hadrut qəsəbəsində Azərbaycan bayrağını sancan zaman qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlmişdir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Səid Rəşidzadə ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.