Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Sadıqov Səbuhi Rövşən oğlunun Anım günü qeyd edildi

06 noyabr 2024 | 12:46
Şəhid Sadıqov Səbuhi Rövşən oğlunun Anım günü qeyd edildi.
Anım günündə 44 günlük Vətən Müharibəsinin şəhidi Sadıqov Səbuhi Rövşən oğlunun məzarı və ailəsi Füzuli Rayon İcra Hakimiyyətinin əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin nümayəndələri, idarə-müəssələrin rəhbərləri, təhsil işçiləri və məktəblilər, rayon ictimaətinin əməkdaşları, döyüş yoldaşları, şəhid ailələri, qazilər və ziyalılar ilə birlikdə ziyarət olundu.
Xatırladaq ki, Səbuhi Sadıqov 1996-cı il mayın 9-da Biləsuvar rayonunda anadan olub. Əslən Füzuli rayonunun Ələsgərli kəndindən olan Səbuhi Bakı şəhərində orta təhsil alıb. Uşaqlıq illərindən idmana böyük həvəsi olan Səbuhi karate, kikboksinq ilə məşğul olub, yeniyetmə vaxtlarında klublararası turnirlərdə iştirak edib. Daha sonra sərbəst güləşlə məşğul olmağa başlayan Səbuhi Azərbaycan Güləş Federasiyasının milli yığmasının üzvü olub. Respublika daxilində və beynəlxalq yarışlarda dəfələrlə müxtəlif dərəcələrlə təltif edilib, çempion adını qazanıb. MMA (Qaydasız döyüş) döyüş növü üzrə professional qaydada məşğul olub. O, bir çox yarışlarda ölkəmizi təmsil edərək qazandığı nailiyyətlərlə bayrağımızı yüksəklərə qaldırıb.
2014-cü ildə həqiqi hərbi xidmətə yollanan Səbuhi Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. Tərxis olunandan sonra 2015–2017-ci illərdə “Ultimax” Döyüş Növləri Federasiyasının təşkil etdiyi Bakı çempionatında və 2017-ci ildə Respublika çempionatında qalib olub. Gürcüstanda keçirilən dünya çempionatında qara kəmər qazanıb. Bununla yanaşı, “Comando Fight Klub”unu yaradaraq özü kimi çoxlu tələbələr yetişdirib.
“Ana, dua et, mən arzuma çatım” deyərək 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinə könüllü yollanan Səbuhi Xüsusi Təyinatlı Qüvvələrin tərkibində kəşfiyyatçı kimi 37 gün şücaətlə döyüşüb. Füzuli, Hadrut, Cəbrayıl, Qubadlı, Laçın istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Noyabrın 5-də Laçın rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib. Səbuhi Sadıqov Füzuli rayonunun Əhmədbəyli kənd qəbiristanlığında dəfn olunub. Subay idi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən Səbuhi Sadıqov ölümündən sonra lll dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Keçidlər