Şəhid Zamanov Vüqar İsmayıl oğlunun Anım günüdür
06 noyabr 2024 | 09:48
Anım günü ilə bağlı 44 günlük vətən müharibəsinin şəhidi Zamanov Vüqar İsmayıl oğlunun ailəsi Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Füzuli Rayon Təhsil Sektorunun müdiri, RİH-nin əməkdaşları, qazilər və rayon ziyalıları ilə birlikdə ziyarət olundu.
Xatırladaq ki, Zamanov Vüqar İsmayıl oğlu 1995-ci il martın 10-u Horadiz şəhərində anadan olub. Orta təhsilə Füzuli rayonunun Horadiz şəhər Firudin Mehdiyev adına tam orta məktəbində başlayıb. 2013-cü ildə Xızıda həqiqi hərbi xidmətdə olub.
2015-ci il yanvarın 1-də hərbi xidməti başa vuran Vüqar Zamanov 2016-cı ildən Füzuli rayon ərazisində yerləşən N saylı hərbi hissədə Milli Ordu sıralarında Müddətdən Artıq Həqiqi Hərbi xidmətdə kəşfiyyatçı kimi fəaliyyətini davam etdirir.
2016-cı il Aprel döyüşlərində Lələtəpə əməliyyatının iştirakçısı olan 25 yaşlı kəşfiyyatçı-snayper kiçik çavuş Vüqar Zamanov 2020-ci il 27 sentyabrda başlayan Vətən müharibəsinin ağır döyüşlərində də xüsusi qəhrəmanlıq nümayiş etdirib. O, Horadiz, Şıxlı, Kürdlər, İşıqlı, Seyidəhmədli və bir neçə kənd və qəsəbələrimizdə, eləcə də Füzuli şəhərində gedən döyüşlərdə qəhrəmanlıq göstərərək xeyli sayda düşmənin canlı qüvvəsini və texnikasını məhv edib. Noyabrın 5-i Şuşa şəhəri ətrafında Daşaltı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır. Vüqar Horadiz şəhər qəbiristanlığında torpağa tapşırılmışdır. Subay idi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən Vüqar Zamanov ölümündən sonra "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Zəngilanın azad olunmasına görə", "Vətən uğrunda" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.