Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Zaur Sadıqovun nəşi 33 ildən sonra doğma Füzulidə dəfn edildi!

15 may 2026 | 17:29
1993-cü il iyulun 23-də Füzuli rayonu Cuvarlı kəndi istiqamətində gedən ağır döyüşlər zamanı itkin düşən və 33 ildən sonra qalıqları aşkarlanaraq eyniləşdirilən şəhid Zaur İmamqulu oğlu Sadıqovun nəşi mayın 15-də doğulduğu Füzuli rayonunun İşıqlı kənd qəbiristanlığında torpağa tapşırıldı.
Sadıqov Zaur İmamqulu oğlu 1973-cü il noyabrın 2-də Füzuli rayonunun İşıqlı kəndində anadan olmuşdur. O, 1980-ci ildə İşıqlı kənd tam orta məktəbinin birinci sinfinə daxil olmuş, 1990-cı ildə həmin məktəbi bitirmişdir.
Birinci Qarabağ müharibəsi başlayandan sonra Zaur Sadıqov səfərbərlik xətti ilə ordu sıralarına qoşulmuş, torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir. O, erməni silahlı birləşmələrinin azərbaycanlıların yaşadığı yaşayış məntəqələrinə hücumlarının qarşısının alınması istiqamətində keçirilən bir çox hərbi əməliyyatlarda böyük şücaət göstərmişdir.
1993-cü il iyulun 23-də Füzuli rayonu Cuvarlı kəndi istiqamətində gedən döyüşlər zamanı itkin düşmüşdür. Uzun illərdən sonra aparılan araşdırmalar və eyniləşdirmə prosesi nəticəsində şəhidimizin qalıqları müəyyən edilərək ailəsinə təhvil verilmişdir.
Subay olan şəhid Zaur Sadıqovun dəfn mərasimində böyük izdiham yaşanmışdır. Dəfn mərasimində Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Eldar Seyidov, Yeni Azərbaycan Partiyası Füzuli rayon təşkilatının sədri Nazimə Şamiyeva, Milli Məclisin deputatı Vüqar Bayramov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Şəhidin ruhuna dualar oxunmuş, tabutu üzərinə bükülmüş üçrəngli Azərbaycan bayrağı ailəsinə təqdim edilmişdir. Mərasim iştirakçıları şəhidimizin əziz xatirəsini dərin ehtiramla yad etmiş, onun Vətən uğrunda göstərdiyi qəhrəmanlığın heç vaxt unudulmayacağını bildirmişlər.
Mərasimin sonunda şəhidimizin əziz xatirəsinə ehtiram əlaməti olaraq yaylım atəşi açılmışdır.
Füzuli Rayon İcra Hakimiyyəti olaraq şəhidimizin ailəsinə dərin hüznlə başsağlığı verir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik.
Keçidlər