Şriftin ölçüsü :

Saytın rəngi :

Təhsil və idman sahəsində uğur qazanmış şagirdlərlə görüş keçirildi!

02 iyul 2026 | 17:57

Füzuli rayonunda təhsil və idman sahəsində uğur qazanmış şagirdlərlə görüş keçirilib.
Görüşdə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Respublika Fənn Müsabiqəsinin qalibləri Təbiət fənni üzrə I yerə çıxaraq qızıl medal qazanan Ehtiram Piriyev adına Böyük Bəhmənli kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Yusif İsmayılov, Təbiət fənni üzrə III yerə çıxaraq bürünc medal qazanan Füzuli rayonu 49 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Murad Məmmədli, Məktəblilərin Respublika İdman Olimpiadasında Sərbəst güləş üzrə III yerə çıxaraq Bürünc medal qazanan Uşaq Gənclər İdman Şahmat məktəbinin şagirdi Yusif Həsənli, Uşaq Gənclər İdman Şahmat məktəbinin direktoru Kamil Qulamov, məşqçi Vüsal Eminov və valideynlər iştirak ediblər.
Tədbirdə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək, tədbirin əsas məqsədinin təhsil və idman sahəsində fərqlənən şagirdlərin uğurlarının yüksək qiymətləndirilməsi, onların gələcək fəaliyyətinə stimul verilməsi və digər gənclərin də yeni nailiyyətlər qazanmağa həvəsləndirilməsi olduğunu diqqətə çatdırıb.
Qeyd edib ki, Azərbaycan Respublikasında uşaqların hərtərəfli inkişafı, onların keyfiyyətli təhsil almaları, sağlam və vətənpərvər ruhda formalaşmaları dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə təhsil sisteminin müasirləşdirilməsi, gənclərin intellektual potensialının artırılması, idmanın inkişafı və istedadlı uşaqların dəstəklənməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsilin, mədəniyyətin və gənclərin inkişafına göstərdiyi diqqət və qayğı da bu sahədə mühüm nəticələrin əldə olunmasına əhəmiyyətli töhfələr verir.
Alı Alıyev bildirib ki, bugünkü uğurların arxasında şagirdlərin zəhməti ilə yanaşı, müəllimlərin fədakar əməyi və valideynlərin daim göstərdikləri dəstək dayanır. O, əldə olunan nailiyyətlərin gələcək uğurlar üçün möhkəm zəmin yaratdığını qeyd edərək şagirdləri daim biliklərini artırmağa, idmanda yeni zirvələr fəth etməyə, dövlətə və xalqa layiqli vətəndaş kimi yetişməyə çağırıb.
Rayon rəhbəri çıxışının sonunda təhsil və idman sahəsində fərqlənən şagirdləri təbrik edib, onlara gələcək fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıb, müəllimlərə və valideynlərə gənc nəslin yetişdirilməsində göstərdikləri əzmkar fəaliyyətə görə təşəkkürünü bildirib.
Sonra çıxış edən müəllim və valideynlər dövlət tərəfindən təhsilin inkişafına göstərilən diqqət və qayğının təhsil işçilərinin fəaliyyətinə böyük stimul verdiyini qeyd ediblər. Bildiriblər ki, şagirdlərin əldə etdikləri uğurlar müəllimlərin peşəkar əməyi, valideyn-məktəb əməkdaşlığı və dövlət dəstəyi nəticəsində mümkün olur. Onlar gələcəkdə də gənclərin bilikli, milli-mənəvi dəyərlərə bağlı və vətənpərvər ruhda yetişdirilməsi istiqamətində səylərini davam etdirəcəklərini vurğulayıblar.
Sonda təhsil və idman sahəsində yüksək nəticələr əldə etmiş şagirdlərə Fəxri Fərman, pul mükafatı və hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.

Keçidlər