Şriftin ölçüsü :

Saytın rəngi :

“Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur” adlı tədbir keçirildi!

14 iyun 2024 | 19:12

Füzuli RİH-in təşkilatçılığı ilə 15 İyun- Milli Qurtuluş Günü münasibəti ilə “Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur” adlı tədbir keçirildi. Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Füzuli rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Füzuli RİH başçısı Alı Alıyev, YAP Füzuli rayon təşkilatının sədri Nazimə Şamıyeva, Hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, hərbiçilər, ziyalılar, gənclər və ictimaiyyət nümayəndələri iştirak etdilər.
Tədbir başlamazdan əvvəl Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Füzuli rayon təşkilatının sədri, bir qrup şəhid ailəsi və qazilərlə birlikdə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzərək, əziz xatirəsinə dərin ehtiramlarını ifadə etdilər.
Dövlət Himni səsləndi, Ulu Öndər Heydər Əliyevin və bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Daha sonra “15 İyun-Azərbaycan xalqının Milli Qurtuluş Günüdür” adlı videoçarx nümayiş olundu.
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək 15 İyun – Milli Qurtuluş Gününün Azərbaycan xalqı üçün böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik olmasından, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynamasından bəhs etdi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan böyük Zəfərin mənbəyində də məhz Ulu Öndər Heydər Əliyev siyasəti dayandığını diqqətə çatdıran Alı Alıyev , bu siyasətin dövlətimizi daim inkişafa və tərəqqiyə aparacağına qəti əminlik ifadə etdi. Alı Alıyev 15 İyun- Milli Qurtuluş Günü münasibəti ilə bütün xalqımızı, eləcə də füzuliləri ürəkdən təbrik etdi.
Daha sonra Rayon Ağsaqqallar Şurasının sədri Zülfüqar Əliyev, Azərbaycanın Milli Qəhrəmanı, şəhid Nazim Quliyevib bacısı Ülviyyə Quliyeva, Vətən müharibəsi qazisi Babək Namazov çıxış etdilər.
Tədbir bədii hissə ilə davam etdi. Qarabağ Regional Mədəniyyət İdarəsi Füzuli rayon mədəniyyət müəssisələrinin hazırladığı konsert proqramı təqdim olundu.
Daha sonra Füzuli Rayon İcra Hakimiyyəti tərəfindən keçirilən, Ulu Öndər Heydər Əliyevə həsr edilmiş bədii qiraət müsabiqəsinin qalibi, E.Piriyev adına Böyük Bəhmənli kənd tam orta məktəbin V sinif şagirdi Əliyeva Gülay tərəfindən “Adına Heydər dedik” adlı şeir parçası səsləndirildi.

Keçidlər