Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş tədbir keçirildi!

10 may 2025 | 09:07

Füzuli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə,  Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” adlı tədbir keçirildi. Bu münasibətlə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Milli Məclisin deputatı Vüqar Bayramov, YAP Füzuli rayon təşkilatının sədri Nazimə Şamıyeva, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, hərbiçilər, rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilatların rəhbərləri və kollektivləri, ziyalılar, gənclər, eləcə də ictimaiyyət nümayəndələri Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etdilər, dahi şəxsiyyətin əziz xatirəsinə ehtiram əlaməti olaraq, abidə önünə tər çiçəklər düzdülər.

Daha sonra Horadiz şəhər Muğam Mərkəzində təşkil olunmuş, Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən sərgiyə baxış keçirildi.

Tədbir başlamazdan əvvəl  Dövlət Himni səsləndirildi və Ulu Öndər Heydər Əliyevin, eləcə də Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Daha sonra Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olundu.

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi, ölkənin hərtərəfli inkişafı üçün atdığı mühüm addımlar, bütün fəaliyyəti dövründə azərbaycançılıq ideologiyasına xidməti barədə geniş məlumat verdi. Ulu Öndərin Füzuli rayonuna səfərləri haqqında ətraflı söhbət açan Alı Alıyev,  müasir Azərbaycanın bütün sahələrdə inkişafının, diplomatik uğurların, eləcə də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun qazandığı böyük Zəfərin təməlində məhz Ulu Öndər Heydər Əliyev siyasətinin dayandığı bir daha vurğuladı.

         Daha sonra  Milli Məclisin deputatı Vüqar Bayramov çıxış edərək, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra ölkəmizdə əsası qoyulan uğurlu iqtisadi siyasətin müsbət nəticələrindən, qazanılan siyasi uğurların, eləcə də böyük Zəfərin əsasını  məhz güclü iqtisadiyyatın təşkil etdiyindən bəhs etdi.

YAP Füzuli rayon təşkilatının sədri Nazimə Şamıyeva Ulu Öndər Heydər Əliyevin bütün ömrünü ölkəsinə, Azərbaycan xalqına sərf etdiyindən, Müstəqil Azərbaycanın qurulması və inkişafı naminə yorulmaz fəaliyyətindən söz açdı, ölkə başçısı Cənab İlham Əliyevin rəhbərliyi ilə bu siyasətin respublikamızı işıqlı gələcəyə apardığını bir daha diqqətə çatdırdı.

Daha sonra Füzuli Rayon Məhkəməsinin sədri Elmir Hüseynov Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi uğurlu hüquqi islahatlardan, ölkəmizdə  insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində atdığı mühüm addımlardan bəhs etdi.

Rayon Ağsaqqallar Şurasının sədri Zülfüqar Əliyev Ulu Öndər Heydər Əliyev tərəfindən Müstəqil Azərbaycanın bütün sahələrdə  əsası qoyulmuş başlanğıclarının bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirildiyini diqqətə çatdırdı.

Tədbir bədii hissə ilə davam etdi. Qarabağ Regional Mədəniyyət İdarəsinin Füzuli rayon mədəniyyət müəssisələrinin hazırladığı konsert proqramı iştirakçılara təqdim olundu.

Keçidlər