Şriftin ölçüsü :

Saytın rəngi :

“Uşaqlara qarşı zorakılıq yolverilməzdir” mövzusunda tədbir keçirildi!

13 aprel 2023 | 09:17
Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2020-ci il tarixli 2306 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın 5.3.9. yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Füzuli Rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə M.Səfərov adına Horadiz şəhər 1 №-li tam orta məktəbdə “Uşaqlara qarşı zorakılıq yolverilməzdir” adlı tədbir keçirildi. Uşaqlara qarşı hər cür zorakılığın mənfi nəticələrinin qarşısının alınması məqsədi ilə keçirilən tədbirdə Füzuli Rayon İcra Hakimiyyəti, Füzuli rayon Polis Şöbəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi üzrə şöbəsinin əməkdaşları iştirak etdilər.
Tədbirdə İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ülkər Bayramlı çıxış edərək dövlət uşaq siyasətinin əsasını Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu və hazırda bu siyasətin ölkə başçısı Prezident İlham Əliyev tərəfindən dahada uğurla davam etdirildiyini diqqətə çatdırdı. Uşaqların cəmiyyətdə şəxsiyyət kimi formalaşmasında, onların düzgün təlim-tərbiyə almasında ailə ilə yanaşı təhsil müəssisələrinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayan çıxışçı uşaqlara qarşı zorakılıq hallarının qəti yolverilməz olduğunu, bu zorakılıq halları ilə mübarizədə aidiyyəti qurumların sıx əməkdaşlıq şəraitində çalışmalarını vacibliyini qeyd etdi.
Daha sonra Füzuli Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin məsləhətçisi İlahə Süleymanova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi üzrə şöbəsinin Füzuli rayon nümayəndəsi İlkin Bayandurov, Füzuli rayon Polis Şöbəsinin azyaşlılarla iş üzrə inspektoru, polis mayoru Elnur Ələkbərov, M.Səfərov adına Horadiz şəhər 2 №-li tam orta məktəbin direktoru Lalə Hacıyeva və psixoloqu Gültac Şahbazova çıxış edərək uşaqlara qarşı zorakılıqla mübarizədə maarifləndirici tədbirlərin, valideynlərlə və uşaqlarla aparılan profilaktik söhbətlərin xüsusi əhəmiyyətindən bəhs etdilər. Zorakılıq hallarının hüquqi cəhətdən məsuliyyət yaratdığını, o cümlədən milli-mənəvi dəyərlərimiz baxımından qəbul edilməz olduğunu diqqətə çatdırdılar. Tədbir mövzu ətrafında müzakirələr və maraqlı fikir mübadiləsi şəraitində davam etdi.
Keçidlər