Vətən Müharibəsinin şəhidi Bədəlov Elməddin Dəyanət oğlunun anım günündə məzarı və ailəsi ziyarət olundu!
29 sentyabr 2025 | 16:30
44 günlük Vətən Müharibəsinin şəhidi Bədəlov Elməddin Dəyanət oğlunun anım günündə məzarı və ailəsi Füzuli Rayon İcra Hakimiyyətinin əməkdaşları, təhsil və mədəniyyət işçiləri, şəhid ailələri, qazilər, kənd sakinləri və ziyalıları ilə birlikdə ziyarət olundu.
Xatırladaq ki, əslən Füzuli rayonunun Kərimbəyli kəndindən olan Elməddin Dəyanət oğlu Bədəlov 2000-ci il martın 3-də Bakı şəhərində dünyaya göz açıb. 2006-cı ildə şəhid Əkrəm Səlimov adına Kərimbəyli kənd tam orta məktəbində təhsil almağa başlayan Elməddin vətənpərvərliyi ilə seçilib. Gələcəkdə hərbçi olmaq onun ən böyük arzusu idi. İdmana da marağı olan Elməddin güləş idman növü üzrə uğurları ilə fərqlənib. 2018-ci ildə hərbi xidmətə də sevinclə yola düşən Elməddin xidmətini ön cəbhədə yerinə yetirib.
Hərbiyə marağı olduğu üçün Elməddin müddətdən artıq xidmətçi kimi yenidən Vətənin keşiyində dayanır. Vətən müharibəsində bir çox tapşırıqların uğurlu yerinə yetirilməsində fəallıq göstərir. O, kəşfiyyatçı kimi düşmənin arxasına keçərək təkbaşına Füzulinin Merdinli kəndində 16 ermənini məhv edib və döyüş yoldaşları üçün yol açıb. Daha sonra Füzulinin Qaraxanbəyli kəndi uğrunda döyüşlərdə ən çətin düşmən məntəqələrinin məhv olunmasında iştirak edib. Sentyabrın 29-da şəhid olarkən dediyi söz isə belə olub: “Yenə canım olsaydı, onu da Vətənim üçün fəda edərdim...”.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Elməddin Bədəlov ölümündən sonra "İgidliyə görə", “Vətən uğrunda”, "Cəsur döyüşcü" və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub. Subay idi.






