Vətən Müharibəsinin şəhidi Əliyev Nohəl Əlqəmə oğlunun məzarı və ailəsi ziyarət olundu!
03 oktyabr 2025 | 16:12
Bu gün şəhid Əliyev Nohəl Əlqəmə oğlunun Anım günü qeyd edildi.
44 günlük Vətən Müharibəsinin şəhidi Əliyev Nohəl Əlqəmə oğlunun məzarı və ailəsi Füzuli Rayon İcra Hakimiyyətinin əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin nümayəndələri, şəhid ailələri, qazilər, kənd sakinləri və ziyalılar ilə birlikdə ziyarət olundu.
Xatırladaq ki, Füzuli rayonunun Yuxarı Kürdmahmudlu kəndində anadan olan Nohəl 1995-ci ildə Ramil Əkbərov adına məktəbin birinci sinfinə daxil olub. Hələ azyaşlı və yeniyetmə çağlarından vətənpərvərliyi ilə seçilən Nohəl gələcəyin hərbçisi olmaq arzusu ilə yaşayıb. 2006-cı ildə məktəbi bitirdikdən sonra 2007-ci ildə həqiqi hərbi xidmətə yola düşüb. 2010-cu ildə xidmətini başa vurduqdan sonra müddətdən artıq hərbi xidmətçi kimi fəaliyyətə başlayıb.
Daha çox ön cəbhədə Vətənin keşiyini çəkən Nohəl 2016-cı ilin Aprel döyüşlərində şücaəti ilə seçilib. Nizamlı cəsur hərbçi olan Nohəl xidməti dövründə fəxri fərmanlarla da təltif edilib. Daim peşəkar hərbçi olmağı hədəf seçən qəhrəmanımız bir sıra xüsusi təlimləri müvəffəqiyyətlə başa vurduqdan sonra həmlə taborunda xidmətini davam etdirib.
Vətən müharibəsində ilk döyüşə girənlər sırasında yer alan Nohəl və döyüşçü yoldaşları düşmənin 30 illik mifik səddinin yarılmasında qəhrəmanlığı ilə seçilib. Cəbhədən gələn ilk qələbə xəbərlərində onun və döyüşçü yoldaşlarının böyük payı olub. Daha sonra Cəbrayıl istiqamətində bir sıra tapşırıqlarda şücaəti ilə fərqlənib. Nohəl oktyabrın 3-də gərgin döyüşlər zamanı ən böyük arzusu olan şəhidlik zirvəsinə ucalıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Nohəl Əliyev ölümündən sonra "İgidliyə görə", “Cəsur döyüşcü”, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.
Ailəli idi, iki övladı yadigar qalıb.






