Vətən Müharibəsinin şəhidi Əliyev Rəfail Oruc oğlunun anım günündə məzarı və ailəsi ziyarət olundu!
29 sentyabr 2025 | 13:17
44 günlük Vətən Müharibəsinin şəhidi Əliyev Rəfail Oruc oğlunun anım günündə məzarı və ailəsi Füzuli Rayon İcra Hakimiyyətinin əməkdaşları, təhsil və mədəniyyət işçiləri, qazilər və şəhər sakinləri və ziyalıları ilə birlikdə ziyarət olundu.
Xatırladaq ki, Əliyev Rafael Oruc oğlu 1984-cü il mayın 24-də Füzuli rayonunun Horadiz qəsəbəsində anadan olub. 2002-ci ildə həqiqi hərbi xidmətə yollanıb və xidmətini müvəffəqiyyətlə bitirdikdən sonra mülki işlərdə çalışsa da, 2016-cı ildə Aprel döyüşlərindən sonra könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrinin sıralarına qatılıb. Hərbidə göstərdiyi xidmətlərə görə çavuş rütbəsinə kimi yüksəlib və kəşfiyyatçı olaraq Vətənin keşiyində dayanıb.
Rafael Əliyev Vətən müharibəsində fəal iştirak edib və torpaqlarımızın azad olunması uğrunda xüsusi şücaəti ilə seçilib. Düşmənin bir çox canlı qüvvəsini məhv edərək ön cəbhənin yarılmasında xüsusi igidlik göstərib. Sentyabrın 28-də Füzuli rayonu istiqamətində gedən döyüş əməliyyatlarında şəhidlik zirvəsinə yüksəlib. Horadiz şəhər qəbiristanlığında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Rəfail Əliyev ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
Qeyd edək ki, şəhid Rəfail Əliyevin iki qız övladı yadigar qalıb.






