Vətən Müharibəsinin şəhidi Əlizadə Qurbani Ziyafəddin oğlunun məzarı və ailəsi ziyarət olund!
01 oktyabr 2025 | 17:45
44 günlük Vətən Müharibəsinin şəhidi Əlizadə Qurbani Ziyafəddin oğlunun məzarı və ailəsi Füzuli Rayon İcra Hakimiyyətinin əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin nümayəndələri, təhsil və mədəniyyət işçiləri, rayonun axundu, şəhid ailələri, qazilər, kənd sakinləri və ziyalıları ilə birlikdə ziyarət olundu.
Xatırladaq ki, Qurbani Ziyafəddin oğlu Əlizadə 1992-ci il iyunun 11-də Füzuli rayonunun Yuxarı Kürdmahmudlu kəndində dünyaya göz açıb. Hələ kiçik yaşlarından hərbçi olmaq istəyən Qurbani 2010-cu ilin iyul ayında həqiqi hərbi xidmətə də ruh yüksəkliyi ilə yola düşüb. Nümunəvi əsgər olan Qurbani həqiqi hərbi xidmətini müvəffəqiyyətlə başa vurub. Qurbani 2015-ci ildə yenidən könüllü olaraq N saylı hərbi hissədə müddətdən artıq xidmətçi kimi Vətən keşiyində dayanıb. Hərbi hissənin rəhbərliyi tərəfindən nümunəvi xidmətinə görə dəfələrlə fəxri fərmanlarla təltif olunub.
2016-cı il Aprel döyüşlərində əməliyyatlarda fəal iştirak edib və komandanlıq tərəfindən mükafatlandırılıb, daha sonra isə çavuş rütbəsinə layiq görülüb.
Vətən müharibəsi başlandığı ilk gündən Qurbani öndə gedərək düşmən üzərinə hücuma keçən ilk döyüşçülərdən olub. Qurbani ön cəbhənin yarılmasında xüsusi şücaət göstərib və Füzuli rayonu ərazisində gedən ağır döyüşlər zamanı qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Qurbani Əlizadə ölümündən sonra lll dərəcəli "Vətənə xidmətə görə" ordeni və “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Xocəvəndin azad olunmasına görə” medalları ilə təltif edilib.






