Vətən müharibəsinin şəhidi Əsədov Anar Rafiq oğlunun anım günündə məzarı və ailəsi ziyarət olundu!
29 sentyabr 2025 | 16:19
44 günlük Vətən müharibəsinin şəhidi Əsədov Anar Rafiq oğlunun anım günündə məzarı və ailəsi Füzuli Rayon İcra Hakimiyyətinin əməkdaşları, təhsil və mədəniyyət işçiləri, şəhid ailələri, qazilər, kənd sakinləri və ziyalıları ilə birlikdə ziyarət olundu.
Xatırladaq ki, Şəhid Əsədov Anar Rafiq oğlu 1982-ci il iyulun 7-də Füzuli rayonunun Kərimbəyli kəndində dünyaya göz açıb. Hələ yeniyetmə çağlarından gələcəyin hərbçisi olmaq arzusu ilə boya-başa çatıb. 2001-ci ildə həqiqi hərbi xidmətə də ruh yüksəkliyi ilə yollanıb. Vətənə borcunu layiqincə yerinə yetirən Anar xidmətini başa vurduqdan sonra bir müddət mülki işlərdə çalışsa da yenidən könüllü olaraq N saylı hərbi hissəyə müddətdən artıq hərbi qulluqçu kimi xidmətə qayıdıb.
Vətən müharibəsi başlanan tarixdən ön cəbhədə xüsusi şücaəti ilə seçilib, qorxu bilmədən həmişə öndə gedərək düşmənin atəş nöqtələrini fəallıqla susdurub. Cəbhənin yarılmasında və döyüşün ilk günündə azad olunan ərazilərin alınmasında Anarın da payı olub. Müharibənin ikinci günü Füzuli rayonu uğrunda gedən döyüş əməliyyatlarında Anar qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalıb. O, doğulub boya başa çatdığı rayonun Kərimbəyli kənd qəbiristanlığında dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Anar Əsədov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Qeyd edək ki, Anar Əsədov ailəli olub 4 övladı yadigar qalıb.






