Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsinin şəhidi Fərəcov İlkin Sahib oğlunun məzarı və ailəsi ziyarət olundu!

17 oktyabr 2025 | 12:34
Bu gün şəhid Fərəcov İlkin Sahib oğlunun anım günü qeyd edildi.
44 günlük Vətən Müharibəsinin şəhidi Fərəcov İlkin Sahib oğlunun məzarı və ailəsi anım günündə Füzuli Rayon İcra Hakimiyyətinin əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin nümayəndələri, təhsil və mədəniyyət işçiləri, rayonun axundu, rayon ictimaəti, döyüş yoldaşları, şəhid ailələri, qazilər, kənd sakinləri və ziyalılar ilə birlikdə ziyarət olundu.
Xatırladaq ki, İlkin Fərəcov 1992-ci il aprelin 13-də Füzuli rayonunun Bala Bəhmənli kəndində anadan olub. Hələ orta məktəb vaxtından vətənpərvərliyi ilə seçilib və gələcəkdə hərbçi olmaq arzusu ilə yaşayıb. Həqiqi hərbi xidmətə də ruh yüksəkliyi ilə yollanan İlkin xidməti zamanı nizam-intizamı ilə seçilib. Tərxis olunduqdan sonra bir müddət mülki işdə çalışıb. İlkin 2016-cı il Aprel döyüşlərindən sonra ordu sıralarına qayıtmağa qərar verib və 2017-ci ildən hərbi xidmətə başlayaraq Vətənin keşiyində dayanıb.
Azərbaycan Ordusunun kiçik çavuşu olan İlkin 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı ilk döyüşə atılanlar sırasında olub, cəbhənin yarılmasında və bir çox kəndlərin azad olunmasında şücaəti ilə seçilib. Oktyabrın 16-da Füzuli döyüşləri zamanı Dördçinar kəndi istiqamətində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə yüksəlib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən İlkin Fərəcov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Keçidlər