Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsinin şəhidi Göyüşov Məzahir Niyaz oğlunun anım günündə məzarı və ailəsi ziyarət olundu!

30 sentyabr 2025 | 14:58
44 günlük Vətən Müharibəsinin şəhidi Göyüşov Məzahir Niyaz oğlunun anım günündə məzarı və ailəsi Füzuli Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən ziyarət olundu.
Xatırladaq ki, Məzahir Niyaz oğlu Göyüşov 1992-ci il mart ayının 7-də Beyləqan rayonunda anadan olub. 2009-cu ildə Tuğ kənd orta məktəbini bitirdikdən sonra hərbi xidmətə yollanıb. O, hərbi xidmətini Ədliyyə Nazirliyinin "N" saylı hərbi hissəsində davam etdirib. Hərbi xidmətini başa vurduqdan sonra müxtəlif işlərdə çalışsa da, hərbə olan sevgisi onu yenidən bu sahəyə yönəldib. 2016-cı ildə Gizir hərbi rütbəsi ilə BMP komandiri təyin olunub.
Məzahir Göyüşov 2016-cı ilin aprel ayında baş verən döyüşlərin iştirakçısı olub, Lələtəpə istiqamətində öz xidmətini layiqincə yerinə yetirib. O, həmçinin, 2020-ci il iyul ayında baş verən Tovuz döyüşlərində də könüllü olaraq iştirak edib, düşmənə sarsıdıcı zərbələr endirib və yaralı yoldaşlarını səngərdən çıxarmağı bacarıb. Qəhrəmanımız Tovuz döyüşlərində iştirak edərkən ailəsi bundan xəbərsiz olub. O, Tovuz döyüşlərində göstərdiyi şücaətə görə mükafat, təşəkkürnamə ilə təltif edilib.
Sentyabr ayının 27-i səhər saatlarında o, komandirinin əmri ilə tankına minərək düşmən üzərinə yeriyib, düşmənə sarsıdıcı zərbələr endirib və yaralı yoldaşlarını səngərdən çıxarıb. Füzulidə gedən ağır döyüşlərdə düşmənin atdığı minamyot Məzahir Göyüşovun tankını yararsız hala salıb, buna baxmayaraq, o və yoldaşları yenidən başqa tankla irəliləməyə başlayıb. 30 sentyabr səhər saat 11 iradələrində Horadizdə gedən ağır döyüşlərdə düşmənin çox sayda atdığı minamyot zərbələri nəticəsində tankçı gizir Məzahir Göyüşov şəhidlik zirvəsinə ucalıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Məzahir Göyüşov ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
Ailəli idi, bir övladı yadigar qalıb.
Keçidlər