Vətən Müharibəsinin şəhidi Gülmalıyev Pərviz Zaur oğlunun məzarı və ailəsi ziyarət olundu!
10 noyabr 2025 | 15:50
Bu gün şəhid Gülmalıyev Pərviz Zaur oğlunun anım günü qeyd edildi.
44 günlük Vətən Müharibəsinin şəhidi Gülmalıyev Pərviz Zaur oğlunun məzarı və ailəsi anım günündə Füzuli RİHB-nin müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbahar Eyvazova və Füzuli RİH-nin əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin nümayəndələri, təhsil və mədəniyyət işçiləri, rayonun axundu, rayon ictimaəti, döyüş yoldaşları, şəhid ailələri, qazilər, kənd sakinləri və ziyalılar ilə birlikdə ziyarət olundu.
Xatırladq ki, Pərviz Gülmalıyev 10 may 1997-ci ildə Füzuli rayonunun Bala Bəhmənli kəndində anadan olmuşdur. 2018-ci ildən Azpetrol MMC-də texniki inspektor vəzifəsində çalışırdı.
Azərbaycan Ordusunun əsgəri olan Pərviz Gülmalıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü olaraq iştirak etmişdir. Füzulinin, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə böyük şücaətlə vuruşmuşdur. Pərviz Gülmalıyev 6 noyabr 2020-ci ildə Şuşa rayonunun Daşaltı kəndində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlmişdir. Doğulduğu Füzuli rayonunun Bala Bəhmənli kəndində dəfn olunmuşdur. Subay idi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Pərviz Gülmalıyev ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.






