Vətən müharibəsinin şəhidi Hüseynov Amil Rasim oğlunun məzarı və ailəsi ziyarət olundu!
10 dekabr 2025 | 14:27
Bu gün şəhid Hüseynov Amil Rasim oğlunun anım günü qeyd edildi.
44 günlük Vətən müharibəsinin şəhidi Hüseynov Amil Rasim oğlunun məzarı və ailəsi anım günündə Füzuli Rayon İcra Hakimiyyətinin əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin nümayəndələri, təhsil və mədəniyyət işçiləri, rayonun axundu rayon ictimaəti, döyüş yoldaşları, şəhid ailələri, qazilər, gənclər, kənd sakinləri və ziyalılar ilə birlikdə ziyarət olundu.
Xatırladaq ki, qəhrəman şəhid Hüseynov Amil Rasim oğlu 1986-cı il avqustun 16-da Füzuli rayonunun Əhmədalılar kəndində anadan olub. Birinci sinfə Bakıda fəaliyyət göstərən Ağdam rayon 36 saylı tam orta məktəbində gedib. 2004-cü ildə orta məktəbi bitirdikdən sonra 2004-2006-cı illərdə Kosovoda Azərbaycan sülhməramlı qoşunlarında həqiqi hərbi xidmətdə olub.
Məktəbdə oxuduğu müddətdə Amil idmanın karate növü ilə məşğul olub. Respublikada və xaricdə keçirilən yarışlarda iştirak edib və yüksək nailiyyətlər qazanıb, respublika çempionu olub. Gürcüstanda iştirak etdiyi beynəlxalq yarışda 1-ci yerə çıxıb. Amilin hərbi xidmətə olan marağı, Vətənə sevgisi onu öz arzusunun ardınca aparıb. 2010-cu ildən Azərbaycan Respublikasının Daxili Qoşunlarında xidmətə başlayıb. Daha sonra Milli Ordumuzun sıralarında kəşfiyyatçı kimi fəaliyyətini davam etdirib. 2013-cü ildə Türkiyədə kəşfiyyatçı təlim kursu keçmişdir.
Vətən müharibəsinin iştirakçısı olan Amil Hüseynov Füzuli və Xocavənd uğrunda gedən döyüşlərdə xüsusi şücaəti ilə seçilib. Amil döyüş əməliyyatlarında bir neçə düşmənin canlı qüvvəsini məhv etmişdir. Amil göstərdiyi igidliklər dillər əzbəri olmuşdur.
Oktyabrın 10-da gərgin döyüşlər zamanı Amil qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlmişdir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Amil Hüseynov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Vətən uğrunda", "Cəsur döyüşcü", Füzulinin işğaldan azad olunmasına görə", Xocəvəndin azad olunmasına görə", Cəbrayılın azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Əlavə olaraq bildiririk ki, şəhidimiz ailəli olub 1 övladı yadigar qalıb.






