Vətən Müharibəsinin şəhidi Hüseynov Sənan Vidadi oğlunun məzarı və ailəsi ziyarət olundu!
08 noyabr 2025 | 12:31
Bu gün şəhid Hüseynov Sənan Vidadi oğlunun Anım günü qeyd edildi.
44 günlük Vətən Müharibəsinin şəhidi Hüseynov Sənan Vidadi oğlunun məzarı və ailəsi anım günündə Füzuli Rayon İcra Hakimiyyətinin başçısının Birinci müavini Bağır Aslanov, RİH-nin əməkdaşları, şəhid ailələri, qazilər və ziyalılar ilə birlikdə ziyarət olundu.
Xatırladaq ki, Sənan Hüseynov 01 aprel 1996-cı ildə Qazaxıstanda anadan olmuşdur. Əslən Füzuli rayonunun Qacar kəndindəndir. 2008-ci ildə Azərbaycana köçmüşdür. Subay idi.
Sənan Hüseynov 2016-cı ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında hərbi xidmətdə olmuşdur. Hərbi xidmət zamanı 2016-cı ilin aprelin 2-dən 5-nə qədər davam edən Aprel döyüşlərində yaxından vuruşmuş, fərqlənmişdir.
Azərbaycan Ordusunun əsgəri olan Sənan Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü olaraq vuruşmuşdur. Füzulinin, Qubadlının, Cəbrayılın, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Sənan Hüseynov 7 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Binə Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Sənan Hüseynov ölümündən sonra "Vətən uğrunda", Cəsur döyüşcü", "Füzulinin azad olunmasına görə", Qubadlının azad olinmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.






