Vətən Müharibəsinin şəhidi İbrahimov Bəhruz Fazil oğlunun anım günündə məzarı və ailəsi ziyarət olundu!
01 oktyabr 2025 | 14:22
44 günlük Vətən Müharibəsinin şəhidi İbrahimov Bəhruz Fazil oğlunun anım günündə məzarı və ailəsi Füzuli Rayon İcra Hakimiyyətinin əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin nümayəndələri, təhsil və mədəniyyət işçiləri, şəhid ailələri, qazilər, kənd sakinləri və ziyalıları ilə birlikdə ziyarət olundu.
Xatırladaq ki, İbrahimov Bəhruz Fazil oğlu 1983-ci il iyun ayının 22-də Füzuli rayonunun Gövşadlı kəndində anadan olub. Erməni vəhşiliyi nəticəsində on yaşında ailəsi ilə birlikdə doğma ata yurdundan məcburi köçkün düşüb.
Bəhruz uzun illərdir doğma yurdlarına qayıdacaqları günü gözləyirdi. Bəhruz da bu arzu ilə yaşayıb: “Uşaq yaşlarından erməni vandalizmini görmüşdü, ona görə də hərbçi olmağa qərar verdi. Həqiqi hərbi xidməti bitirdikdən sonra ailə quran Bəhruz daha sonra müddətdən artıq hərbi xidmətçi kimi Vətənin keşiyində dayandı. O, 10 yaşında ayaqyalın çıxdığı Füzuliyə qəhrəman hərbçi kimi tank üstündə qayıtdı. Doğma rayonumuzun azad edilməsində böyük şücaət göstərdi”.
Ömrünün 14 ilini Vətənə xidmət edən Bəhruz peşəkar hərbçi idi. Sağlığında fəxri fərmanlarla və qüsursuz xidmətə görə bir neçə medalla təltif edilib. Ailəcanlı və torpağına bağlı idi.
“Bəhruzun ilk döyüş yolu Aprel zəfərindən başladı. Dörd günlük döyüşlərdə Bəhruz və yoldaşları Lələtəpə istiqamətində düşmən üzərində qələbə qazandılar. Vətən müharibəsində isə tankçı kimi döyüşlərə atıldı. Düşmənin Füzuli istiqamətində qurduğu maneələrin yarılmasında böyük şücaət göstərdi. Füzuli istiqamətində kəndlərimizin azad edilməsi uğrunda döyüşlərdə düşmənə, sözün əsl mənasında, cəhənnəmi yaşadıb. Daha sonra Cəbrayıl istiqamətində gedən döyüşlərə qatılıb, düşmənin xeyli texnika və canlı qüvvəsinin məhv edib. Sonuncu döyüşündə yaralı yoldaşlarına kömək etmək üçün tankın kabinəsindən çıxarkən snayperlə vurulub və şəhidlik zirvəsinə yüksəlmişdir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Bəhruz İbrahimov ölümündən sonra “Vətən uğrunda”, "Cəsur döyüşcü" və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.






