Vətən Müharibəsinin şəhidi Kazımov Rəşad Nüsrət oğlunun məzarı və ailəsi ziyarət olundu!
25 oktyabr 2025 | 16:24
Bu gün şəhid Kazımov Rəşad Nüsrət oğlunun anım günü qeyd edildi.
44 günlük Vətən Müharibəsinin şəhidi Kazımov Rəşad Nüsrət oğlunun məzarı və ailəsi anım günündə Füzuli RİHB-nin müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbahar Eyvazova və Füzuli RİH-nin əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin nümayəndələri, təhsil və mədəniyyət işçiləri, rayonun axundu, rayon ictimaəti, döyüş yoldaşları, şəhid ailələri, qazilər, kənd sakinləri və ziyalılar ilə birlikdə ziyarət olundu.
Xatırladaq ki, Rəşad Kazımov 1989- cu ildə Füzuli rayonun Bala Bəhmənli kəndində anadan olmuşdur.
Orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanmışdır. Daha sonra isə könüllü olaraq müddətdən artıq hərbi qulluqçu kimi xidmətini davam etdirmişdir.
2020-ci il sentyabrın 27-də 2-ci Qarabağ döyüşləri başlayanda daim ön xətdə olmuşdur. Rəşad, Hadrut, Füzuli, Xocavənd və Şuşa istiqamətlərində gedən döyüşlərdə böyük şücaət göstərmişdir. Ən çətin döyüş tapşırıqlarını qorxmadan, şərəflə yerinə yetirmişdir.
Rəşad Kazımov 2020-ci il oktyabrın 25-də Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlmişdir. Ailəli olan şəhidimizin bir oğlu və bir qızı yadigar qalmışdır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Rəşad Kazımov ölümündən sonra "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Cəsur döyüşcü" və " Vətən uğrunda" medalları ilə təltif edilmişdir.






