Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsinin şəhidi Məcidzadə Teymur Tehran oğlunun məzarı və ailəsi ziyarət olundu!

09 noyabr 2025 | 17:47
Bu gün şəhid Məcidzadə Teymur Tehran oğlunun anım günü qeyd edildi.
44 günlük Vətən Müharibəsinin şəhidi Məcidzadə Teymur Tehran oğlunun məzarı və ailəsi anım günündə Füzuli Rayon İcra Hakimiyyətinin başçısının Birinci müavini Bağır Aslanov, RİH-nin əməkdaşları, təhsil işçiləri, şəhid ailələri, qazilər və ziyalılar ilə birlikdə ziyarət olundu.
Xatırladaq ki, Teymur Məcidzadə 1992-ci il oktyabrın 10-da Füzuli rayonunun Gecəgözlü kəndində anadan olub. 1993-cü ilin avqustunda Füzuli rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsindən sonra Məcidzadələr ailəsi Xətai rayonunda yaşamağa başladılar. 2010-2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) "Dünya iqtisadiyyatı" üzrə ali təhsil alıb. Teymur Məcidzadə "Neftçi" FK-nun sadiq fanatlarından idi. Subay idi.
Azərbaycan Ordusunun leytenantı olan Teymur Məcidzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Teymur Məcidzadə noyabrın 9-da Şuşa döyüşləri zamanı qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlmişdir II Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Teymur Məcidzadə ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni və "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilmişdir.
Keçidlər