Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsinin şəhidi Mehdiyev Paşa Ehtibar oğlunun məzarı və ailəsi ziyarət olundu!

03 oktyabr 2025 | 15:07
Bu gün şəhid Mehdiyev Paşa Ehtibar oğlunun Anım günü qeyd edildi.
44 günlük Vətən Müharibəsinin şəhidi Mehdiyev Paşa Ehtibar oğlunun məzarı və ailəsi Füzuli Rayon İcra Hakimiyyətinin əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin nümayəndələri, təhsil və mdəniyyət işçiləri, şəhid ailələri, qazilər, kənd, qəsəbə sakinləri və ziyalılar ilə birlikdə ziyarət olundu.
Xatırladaq ki, Paşa Mehdiyev 1978-ci il noyabr ayının 24-də Füzuli rayonunun Dövlətyarlı kəndində anadan olub. Ömrünün yeniyetmə çağlarında ailəsi ilə bərabər doğma yurdundan köçkün düşüb. Vətən həsrəti ilə yaşayan Paşa hərbçi olmağı qarşısına məqsəd qoyub. Həqiqi hərbi xidmətini yerinə yetirdikdən sonra müddətdən artıq hərbçi kimi Vətənin keşiyində dayanıb. Hərb sirlərinə peşəkarcasına yiyələnən Paşa baş gizir rütbəsinə qədər yüksəlib və tankçı olub. Xidməti dövründə fəxri fərman və medallarla təltif edilib.
Aprel döyüşləri ərəfəsində düşmənin qorxulu kabusuna çevrilən Paşa şücaəti ilə seçilib və "İgidliyə görə" medalı ilə təltif olunub. 2020-ci il sentyabrın 27-də düşmən təxribatının qarşısının alınması məqsədi ilə başlayan əks-hücumda ilk döyüşə atılanlardan biri də o olub. Paşa və onun tank heyəti Vətən müharibəsində düşmənin xeyli canlı qüvvəsini və texnikasını məhv edib. Paşa Mehdiyev oktyabrın 7-də Füzuli döyüşləri zamanı qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalıb. Ailəli idi. 2 övladı yadigar qalmışdır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Paşa Mehdiyev ölümündən sonra "Azərbaycan bayrağı” ordeni və "Vətən uğurunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə medalları ilə təltif olunub.
Keçidlər