Vətən Müharibəsinin şəhidi Məmmədov İlkin Abdulla oğlunun məzarı və ailəsi ziyarət olundu!
04 noyabr 2025 | 15:13
Bu gün şəhid Məmmədov İlkin Abdulla oğlunun Anım günü qeyd edildi.
44 günlük Vətən Müharibəsinin şəhidi Məmmədov İlkin Abdulla oğlunun məzarı və ailəsi anım günündə Füzuli Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhid ailələri, qazilər və ziyalılar ilə birlikdə ziyarət olundu.
Xatırladaq ki, Şəhid Məmmədov ilkin Abdulla oğlu 26 noyabr 1990-cı ildə Füzuli rayonunun Kürdmahmudlu kəndində anadan olub. 1997-ci ildə Kürdmahmudlu kənd tam orta məktəbin 1-ci sinifinə qəbul olur. Ailəlikcə Abşeron rayon Saray qəsəbəsinə köçdüklərinə görə 11-ci sinifi orada bitirir. İdmana böyük həvəsi olduğuna görə kiçik yaşlardan məşqlərə başlayan İlkin 2000-ci ildə karate üzrə Respublika çempionatında 3-cü yeri tutub. 2009-cu ildə həqiqi hərbi xidmətə çağırılır.
İdman sahəsində tanındığına görə N saylı hərbi hissənin xüsusi təyinatlı bölməsində xidmət edir.
2012-ci ildən hərbi dəniz qüvvələrində işə qəbul edilir. MMA döyüş növü üzrə beynəlxalq dərəcəli hakim statusunun sahibidir. İlkin 2020-ci il avqust ayında N saylı hərbi hissədə işə qəbul edilir.
Azərbaycan Ordusunun kiçik çavuşu olan İlkin Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə ilk gündən silaha sarılaraq bir neçə döyüş əməliyyatlarında fəal iştirak edir. . Düşmənin xeyli canlı qüvvəsini məhv etməsində xüsusilə fərqlənir. 02 noyabr 2020-ci il tarixdə Şuşa şəhəri ətrafında döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalır. Abşeron rayonunun Saray qəsəbəsində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən İlkin Məmmədov ölümündən sonra lll dərəcəli "Vətənə xidmətə görə" ordeni və “Füzulinin azad olunmasına görə”, “ Xocavəndin azad olunmasına görə “, "Şuşanın azad olunmasına görə", “ İgidliyə görə”, “ Vətən uğrunda” medalları ilə təltif edilmişdir.
Əlavə olaraq qeyd edək ki, şəhidimiz İlkin Məmmədov evli idi, iki övladı yadigar qalıb.






