Vətən Müharibəsinin şəhidi Məmmədov Vüsal Qüdrət oğlunun anım günündə məzarı və ailəsi ziyarət olundu!
12 oktyabr 2025 | 12:48
Bu gün şəhid Məmmədov Vüsal Qüdrət oğlunun anım günü qeyd edildi.
44 günlük Vətən Müharibəsinin şəhidi Məmmədov Vüsal Qüdrət oğlunun anım günündə məzarı və ailəsi Füzuli Rayon İcra Hakimiyyətinin əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin nümayəndələri, təhsil və mədəniyyət işçiləri, rayon ictimaəti, rayonun axundu, döyüş yoldaşları, şəhid ailələri, qazilər, kənd, qəsəbə sakinləri və ziyalılar ilə birlikdə ziyarət olundu.
Xatırladaq ki, Vüsal Məmmədov 1990-cı il iyunun 3-də Füzuli rayonunun Musabəyli kəndində dünyaya göz açıb. Üç yaşında ikən doğma yurdundan didərgin düşən Vüsal və ailəsi 27 il Vətən həsrəti ilə yaşayıblar.
Uzun illər çadır şəhərciyində yaşayan Vüsal yaşa dolduqca ailəsindən doğma yurdu haqqında maraqlanıb. Birinci Qarabağ döyüşləri zamanı Vüsalın dayısı şəhid olub. Hər dəfə bu haqda ona danışanda düşmənə olan nifrəti birə min artıb. O, gələcəyin hərbçisi olmaq arzusu ilə yaşayıb.
Sonralar Vüsal və ailəsi yeni salınan Zobucuq qəsəbəsində məskunlaşıblar.
Həqiqi hərbi xidmətini Dəniz Donanmasında yerinə yetirən Vüsal daha sonra müddətdən artıq xidmətçi olaraq Vətən keşiyində dayanır. 2015-ci ildə hərbi hissə nəzdində təməl xüsusi təyinatlı kursunu bitirən Vüsal əvvəl kiçik miçman rütbəsini alır. 2017-ci ildə miçman rütbəsinə yüksələrək, taqımın manqa komandiri, Xüsusi Təyinatlı Qrupun dalğıc-kəşfiyyatçısı olaraq xidmətini davam etdirir. Peşəkarlığı və bacarığı ilə fərqlənən Vüsal hələ sağlığında Azərbaycan Ordusunun 100 illiyi medalı ilə təltif olunur. Müharibə başlayanda tərəddüd etmədən Vətənin səsinə səs verir, cəbhəyə yollanır.
Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlı piyadalarının tərkibində döyüşə qatılan Vüsal qəhrəmanlığı ilə seçilir. Vüsalın ilk döyüş yolu sentyabrın 27-də Murov dağından başlayıb, döyüşçü yoldaşları ilə birgə ilk tapşırığın öhdəsindən layiqincə gəliblər. Sonrakı tapşırıq isə Cəbrayıl rayonu istiqamətində olur. Döyüşlər vaxtı əsas vəzifəsi pulemyotçu olan Vüsal düşmənə, sözün əsl mənasında, qan uddurur və Cəbrayılın azad edilməsində, həmçinin bir çox yüksəkliklərin alınmasında şücaəti ilə seçilir. O, Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlısı kimi düşmənin qorxulu kabusuna çevrilir. Vüsal və onun tərkibində olduğu qrupun növbəti tapşırığı Füzuli istiqamətində olur və bu döyüşlərdə bir çox strateji mövqeyə malik ərazilərin alınmasında iştirak edir. Oktyabrın 12-də gərgin döyüşlərdə şəhidlik zirvəsinə ucalır.
Vüsal ən böyük arzusuna çataraq əbədiyyətə qovuşdu. Çünki onun istəyi torpaqlarımızı azad etmək və şəhidlərimizin qisasını almaq idi.
Qeyd edək ki, Vüsal 2020-ci ilin mart ayında ailə həyatı qurmuşdu. Şəhadətə ucaldıqdan 3 ay sonra onun oğlan övladı dünyaya gəlib. Şəhidin arzusuna uyğun olaraq ona Hüseyn adı verilmişdir
Füzuli rayonunun Babı qəbiristanlığında torpağa tapşırılmışdır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Vüsal Məmmədova ölümündən sonra “Qarabağ ordeni” və “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Şahidimiz ailəli idi, bir övladı yadigar qalıb.






