Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsinin şəhidi Məmmədov Xəyal Xaliq oğlunun məzarı və ailəsi ziyarət olundu!

16 oktyabr 2025 | 12:31
Bu gün şəhid Məmmədov Xəyal Xaliq oğlunun anım günü qeyd edildi.
44 günlük Vətən Müharibəsinin şəhidi Məmmədov Xəyal Xaliq oğlunun məzarı və ailəsi Füzuli Rayon İcra Hakimiyyətinin əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin nümayəndələri, təhsil və mədəniyyət işçiləri, rayonun axundu, rayon ictimaəti, şəhid ailələri, döyüş yoldaşları, qazilər, kənd sakinləri və ziyalılar ilə birlikdə ziyarət olundu.
Xatırladaq ki, Şəhid Məmmədov Xəyal Xaliq oğlu 2001-ci il fevralın 12-də Sumqayıt şəhərində dünyaya göz açıb. Əslən Füzuli rayonunun Qərvənd kəndindən olan Xəyal yaşa dolduqca Vətən sevgisi daha da artıb. Orta məktəbdə oxuyarkən idmana marağı yaranan Xəyal futbol və cüdo idman növləri ilə məşğul olub.
2018-ci ilin aprel ayında həqiqi hərbi xidmətə yollanan Xəyal bacarığı və istedadı ilə seçilərək Xüsusi Təyinatlı Qüvvələr sırasında xidmətdə olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində də Xəyal Xüsusi Təyinatlı olaraq böyük şücaət göstərib. Döyüş yolu Ağdərə-Murov istiqamətində başlayan Xəyal pulemyotçu olaraq qəhrəmanlığı ilə seçilib. Daha sonra Xəyal və döyüşçü yoldaşlarının növbəti tapşırığı Cəbrayıl-Füzuli istiqamətində olub. Xəyal bir sıra strateji məntəqələrin azad olunmasında və düşmənin bir neçə canlı qüvvəsinin məhv edilməsində xüsusilə fərqlənib. 2020-ci il oktyabrın 15-də Füzuli rayonu Qarğabazar istiqamətində gedən döyüşlər zamanı Xəyal qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalıb. Subay idi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Xəyal Məmmədov ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğurunda”, “Cəsur döyüşçü”, "Şücaətə görə", “Xocəvəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Keçidlər