Vətən Müharibəsinin şəhidi Muradov Ziyad Muradxan oğlunun məzarı və ailəsi ziyarət olundu!
23 oktyabr 2025 | 15:18
Bu gün şəhid Muradov Ziyad Muradxan oğlunun Anım günü qeyd edildi.
44 günlük Vətən Müharibəsinin şəhidi Muradov Ziyad Muradxan oğlunun məzarı və ailəsi anım günündə Füzuli Rayon İcra Hakimiyyətinin başçısının Birinci müavini Bağır Aslanov, RİH-nin əməkdaşları, şəhid ailələri, qazilər və ziyalılar ilə birlikdə ziyarət olundu.
Xatırladaq ki, 1991-ci il fevralın 3-də Füzuli rayonunda anadan olan Ziyad Muradov 29 illik ömrünün cəmi iki ilini doğulduğu torpaqda yaşayıb. İgidimiz həmişə Vətən həsrəti, torpaq sevgisi ilə böyüyüb.
Azərbaycan Ordusunun giziri olan Ziyad Muradov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altındakı ərazilərin azad edilməsi və ərazi bütövlüyümüzün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı bir çox döyüşlərdə qəhrəmanlıq göstərib. Ziyad Muradov oktyabrın 20-də Füzuli rayonu uğrunda gedən ş zamanı qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlmişdir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Ziyad Muradov ölümündən sonra “Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə", “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Ziyad Muradovun Vətən sevgisi ilə yanaşı şeirə, poeziyaya da marağı olub. O, şeirlərində daima bu nisgili, hicranı dilə gətirib. “Qarabağlı” ləqəbini də özünə Vətənə olan sevgisindən götürüb. Şəhidimizin arzusu isə ölkəmizin ərazi bütövlüyünü təmin etmək və ailəsini Qarabağa aparmaq olub.
Əlavə olaraq qeyd edək ki, Şəhidimiz evli olub, bir övladı yadigar qalıb.






